ELM VƏ TƏHSİL
Tarix Muzeyində Cəlairilər dövrünə aid Gəştaspi dirhəmləri qorunur
Bakı, 27 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan çoxsaylı materiallar sırasında Elxanilər (1256 – 1358-ci illər) və Cəlairilər (1335–1431) dövrünə aid Gəştaspi şəhər zərbxanasının ikili gümüş dirhəmləri xüsusi yer tutur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Gəştaspi (fərqli oxunuşlara əsasən – Gəştasbi, Guştasfi) zərbxanasının yerləşmə mövqeyi bir sıra yazılı qaynaqlarda və tarixi-arxeoloji tədqiqatlarda araşdırılıb. Tarixi qənaətlərə əsasən, şirvanşah III Əxsitanın hakimiyyəti (1283–1294) dövründə Elxanilərlə Cuçilərin Dərbənddən Bakıya qədər olan ərazilərdəki fasiləsiz müharibələri səbəbindən dövlətin paytaxtı Gəştaspiyə köçürülmüşdü.
Arxeoloqlar qeyd edirlər ki, Xəzərdə suyun səviyyəsi artdığı üçün XIII əsrin sonunda Guştasfi vilayəti suyun altında qalıb və Muğan əhalisi Mahmudabad adlandırılan yeni məkana köçüb. Gəştaspi gümüş dirhəmlərinin topoqrafiyası belə sikkələrin Xəzər dənizinin sahilyanı vilayətində - müasir dövrümüzdə Sabirabad, Saatlı, Biləsuvar, Cəlilabad, Şirvan, Salyan rayonlarını əhatə edən ərazidə zərb edildiyini deməyə əsas verir. Beləliklə, XII–XIII əsrlərdə tarixi Muğan ərazisində baş verən təbii (subasma), tarixi hadisələrlə əlaqədar olaraq əhali Gəştaspi adlı əraziyə, daha sonralar isə Qazan xan Mahmudun (1294–1303) əmri ilə Muğan düzündə inşa edilmiş Mahmudabad şəhərinə köçüb.
Vurğulanıb ki, Numizmatika fondunda Elxani hökmdarı Ənuşirvan və Cəlairi hökmdarı Sultan Əhməd dövründə bu zərbxanada istehsal edilmiş gümüş dirhəmlərdə əsas İslami ifadələr, dörd xəlifə adı, sözlərlə hicri təqvimə uyğun zərb tarixi, zərbxana, hökmdar adı və şanlı ifadə (hakimiyyəti davamlı olsun) həkk edilib.
Muzeydə qorunan bu sikkələr orta əsrlər numizmatika tariximizin tədqiqi üçün əhəmiyyətlidir.