ELM VƏ TƏHSİL
Tarix Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərgi açılıb
Bakı, 29 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərginin açılışı olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, fotosərgi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi çərçivəsində hazırlanıb.
Fotosərginin açılışında muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı II Vətən müharibəsi və ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verib. Akademik fotomaterialların erməni terrorizmini bir daha əks etdirdiyini, sərgilənən fotoların həm müharibə zamanı, həm də müharibədən sonrakı vəziyyəti göstərən tarixi mənbə olduğunu vurğulayıb.
Muzeyin Ekspozisiya üzrə sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov sərginin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, fotosərgi iki hissədən ibarətdir. Birinci hissədə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan şəhər və kəndlərinə Ermənistan ordusu tərəfindən atılmış raket və mərmilərin törətdiyi fəlakət və dağıntıların nəticələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan hərbi-siyasi rəhbərliyi erməni ifrat millətçilərinin ən sevdiyi silaha - terrora əl atdı. Beləliklə, Ermənistanın terrorizmi dövlət siyasətinin bir ünsürünə çevirdiyi ölkə olduğu bir daha təsdiqləndi. Gəncə, Bərdə, Tərtər, Ağdam və başqa ərazilərdə erməni hərbi cinayətlərini fotolentə köçürən fotoqrafların işlərinə heç kim biganə qalmayacaq. İkinci hissədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan fotoqrafları tərəfindən lentə alınmış fotoların bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları danılmaz tarixi mənbəyə çevirir.
S.Əhmədov bildirib ki, bir neçə şəklin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik tərəfindən təqdim olunmuş raket, mərmi və mina qalıqları ilə birlikdə nümayiş etdirilməsi fotosərgini daha da zənginləşdirir.
Sonda muzeyin əməkdaşı, Azərbaycan Fotoqraflar Birliyinin sədri, tanınmış fotoqraf Mirnaib Həsənoğlu müharibə zamanı və müharibədən sonra lentə aldığı fotolar haqqında təəssüratlarını bölüşüb.
Tədbirin sonunda işğaldan azad edilmiş torpaqlarda erməni terrorizmini fotoaparatları ilə tarixə həkk etmiş fotoqraflar çıxış ediblər. Onlara təşəkkürnamələr, fotosərginin bukleti, muzeyin nəşrləri hədiyyə olunub.
Qeyd edək ki, fotosərgidə Elgün Gəncimsoy, Əziz Kərimov, Famil Mahmudbəyli, İlkin Səlifov, Maya Bağırova, Mirnaib Həsənoğlu, Vəli Şükürzadə tərəfindən çəkilmiş 50-dən artıq fotoşəkil nümayiş olunur.
Fotosərgi karantin qaydalarına riayət olunaraq təşkil edilib. Sərgiyə giriş pulsuzdur.