Tarix Muzeyində Gəncə xanı Cavad xana məxsus qəlyan çubuğu qorunur
AzerTAg.az
Bakı, 6 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Gəncə xanı Cavad xana (1786-1804) məxsus qəlyan çubuğu qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Qəlyan çubuğu xüsusi sifarişlə Şamaxı sənətkarları tərəfindən hazırlanıb. Üzərində müxtəlif rəngli muncuqlarla həndəsi zolaqlar, buta təsvirləri işlənib. Mərkəzində isə xanın mərhum oğlanlarının təsvirləri salınıb. Fərqli rəngli muncuqlardan istifadə çubuğa xüsusi estetik görünüş bəxş edib.
Fondun kolleksiyasını zənginləşdirən çubuq 1941-ci ildə muzeyə verilib.
Qeyd edək ki, vətəninin Hindistan olduğu hesab edilən qəlyanlar uzun müddət Azərbaycanda, xüsusilə kübar ailələrdə əvəzedilməz aksesuarlardan biri idi. Qəlyandan kişilərlə bərabər zəngin ailələrin qadınları da istifadə edirdilər. Qəlyan çəkmək dəbli hesab edildiyi üçün bu əşyanın xüsusi zövqlə hazırlanmasına önəm verilirdi.

Xəbərin mətnində orfoqrafik səhv var