Tarix Muzeyində Mehdi Hüseynzadənin şəxsi əşyaları qorunur
AzerTAg.az
Bakı, 24 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında İkinci Dünya müharibəsi zamanı kəşfiyyat qrupunun rəhbəri olmuş azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şəxsi əşyaları, geyimləri, rəssamlıq ləvazimatları, rəsm əsərləri, sənədləri qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Mehdi Hüseynzadə hərbçi olmaqla yanaşı, həm də gözəl rəssamlıq və şairlik fitri istedadına malik olub. O, 1918-ci ildə Bakıda anadan olub, 1936-cı ildə Rəssamlıq məktəbini bitirib, sonra Leninqrad (Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
1941-ci ilin avqustunda orduya çağırılan Mehdi Hüseynzadə Tiflis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə gedib, faşistlərə qarşı döyüşlərdə iştirak edib. Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq almanlara əsir düşüb. O, Berlində üçaylıq tərcüməçi kursunda iştirak edib və alman dilini öyrənib.
1943-cü ilin sonlarında Mehdi Hüseynzadə bir dəstə azərbaycanlı əsirlə faşist əsarətindən qaçaraq, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. O, xüsusi kəşfiyyat dəstəsi yaradıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, dəmir və şose yollarının körpüləri, faşist maşınları sıradan çıxarılıb.
Müharibə zamanı böyük igidlik, fədakarlıq nümunəsi göstərən Mehdi Hüseynzadə 1944-cü ildə qəhrəmancasına həlak olub. Ona ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.





Xəbərin mətnində orfoqrafik səhv var