ELM VƏ TƏHSİL
Tarix Muzeyində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə məxsus şeşpər qorunur
Bakı, 5 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda XVIII-XIX əsrin birinci rübündə Azərbaycan xanlarının hakimiyyət rəmzləri (şəxsi ştandart, tuğ, buncuq, şeşpər, toppuz) qorunur. Təqdim olunan şeşpər Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1763–1806) hakimiyyət rəmzi hesab olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Qeyd edilib ki, şeşpər 1806-cı ildə İbrahimxəlil xanın qətli zamanı rus qoşunları tərəfindən ələ keçirilib. 1913-1917-ci illərdə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyində nümayiş olunub, 1928-ci ildə Azərbaycana qaytarılıb. Poladdan olan şeşpər bütövlükdə qızıl işləmələrlə, nəbati ornamentlərlə bəzədilib.
Şeşpər Qarabağ, xüsusilə Şuşa şəhərinin tarixinə dair sərgidə ziyarətçilər üçün nümayiş olunur.