ELM VƏ TƏHSİL
Tarix Muzeyində “Silahın mistik gözəlliyi” sərgisinin kataloqu təqdim olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı müəssisədə Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirib. Akademik qeyd edib ki, onlardan biri hazırda muzeydə nümayiş olunan silah sərgisidir.
Mədəniyyət naziri Anar Kərimov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində Azərbaycanın hərb tarixi, xalqımızın hərb işi və silahlarına, həm respublikada, həm də xaricdə ictimai marağın artdığını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir: "Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var. Azərbaycan ustaları çoxsaylı qoşunları silahlarla tam təmin edib, həmçinin dekorativ-tətbiqi sənətin şedevrləri sayılan silahlar da hazırlayıblar. Hazırda bu silahların bir çox nümunələri dünya muzeylərində qorunur və bu kataloq sübut edir ki, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin vacib sahəsi silahsazlıq, metalişləmə sənətləri olub və Azərbaycanın ənənəvi silahları milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir".
Kataloqun müəllifi, muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov kataloqun strukturu və burada qeyd edilən məsələlər, təhlil olunan silahlar haqqında məlumat verib. Müəllif 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş, nəfis tərtibatda çap edilmiş kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətlərindən danışıb. Bildirilib ki, kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.
Kataloq təsdiq edir ki, muzeyin Silahlar və bayraqlar fondunda qorunan soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, həmçinin yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir. S.Əhmədov, həmçinin Azərbaycanın ənənəvi silahlarının mədəniyyətimizin ayrılmaz tərkib hissəsi kimi araşdırılmasının vacibliyinə toxunub, həyata keçiriləcək praktiki addımların vacibliyini qeyd edib.
Sonra kataloqun hazırlanmasında əməyi olan şəxslərə muzey adından təşəkkürnamələr təqdim edilib.
Təqdimat tədbirində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı hərbi-vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri ifa edib.
Sonda qonaqlar muzeydə nümayiş olunan "Silahın mistik gözəlliyi” sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarına kataloq təqdim olunub.