ELM VƏ TƏHSİL
Tarix Muzeyində Xalq rəssamı Tahir Salahova məxsus əşyalar qorunur
Bakı, 29 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar, Fotoneqativ və Sənədli mənbələr fondlarında görkəmli pedaqoq, Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, professor Tahir Salahova (1928-2021) məxsus materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Professor Tahir Salahov Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti (1997), SSRİ Rəssamlıq Akademiyasının üzvü (1975) olub, SSRİ Xalq rəssamı (1973), Azərbaycan SSR Xalq rəssamı (1963), Rusiya Federasiyasının Xalq rəssamı (1996) fəxri adlarına, Dövlət mükafatlarına layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenləri, Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeni, Bolqarıstan, Polşa, Monqolustan və digər ölkələrin ordenləri və müxtəlif medallarla təltif olunub. Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü, ABŞ-ın bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşı, 2011-ci ildən Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsinin həqiqi üzvü olub.
Görkəmli rəssamın “Səhər eşalonu” və “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları”, “Aydan”, “Köhnə Bakı”, “Sənə, bəşəriyyət!”, “Səhər ovu”, “Nardaran qarpızları” tabloları, bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirov və Qara Qarayevin portretləri, eləcə də Odlar Yurdu triptixi – “Atəşgah”, “Xəzər bu gün” və “Qız qalası” əsərləri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.