ELM VƏ TƏHSİL
Tarix Muzeyində akademik Zahid Xəlilova məxsus materiallar qorunur
Bakı, 14 yanvar, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda akademik Zahid Xəlilova məxsus materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Dəyərli sənədlər arasında görkəmli riyaziyyatçı alim Zahid Xəlilovun konfranslarda iştirakı üçün müxtəlif ölkələr tərəfindən göndərilmiş dəvət məktublarını qeyd etmək olar. Bu sənədlərdən Beynəlxalq Riyaziyyatçılar Konqresinin Zahid Xəlilova verdiyi üzvlük kartı xüsusilə diqqəti cəlb edir.
Zahid Xəlilov 1911-ci il yanvarın 14-də Tiflis şəhərində anadan olub. O, Azərbaycan SSR Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Elmlər Akademiyasının prezidenti (1962-1967-ci illər), Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.
Alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, o, poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll edib, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu verib, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaradıb.
SSRİ-də funksional analiz üzrə ilk monoqrafiyanın (“Funksional analizin əsasları”, 1949, rus dilində), 100-dən çox elmi işin müəllifidir.
Akademik Zahid Xəlilov 1974-cü ildə vəfat edib.