ELM VƏ TƏHSİL
Tarix Muzeyində beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunda “1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri” beynəlxalq layihəsi çərçivəsində tədqiqatlara başlanılıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərdə görülən işlərin davamı olan bu tədqiqatlar layihənin son mərhələsini təşkil edir.
Tədqiqat işləri əsasən arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsindən, qrafik və foto təsvirlərinin çəkilməsindən, metal və obsidian alətlərin analizlərinin aparılmasından, eləcə də məlumatların dəqiqləşdirilməsindən ibarətdir.
Layihəyə AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, akademiyanın müxbir üzvü Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin (FMAM) əməkdaşı, fəlsəfə doktoru Remi Berthon rəhbərlik edirlər. Layihənin iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva, FMAM-ın əməkdaşları Katerina Marro, Nikolas Qailhard və Marie Orangedir.
Tədqiqatlar fevralın 12-dək aparılacaq.