ELM VƏ TƏHSİL
Tarix Muzeyində daş qoç heykəli qorunur
Bakı, 2 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Mil-Qarabağ bölgəsindən gətirilmiş qoç formasında başdaşı heykəlləri qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu nümunələrdən biri, XIV əsrə məxsus olan daş qoç heykəli diqqəti cəlb edir. Heykəlin başının sol tərəfi və arxa ayaq hissəsi sınıb. Boynunda kəndirvari bəzək var. Hər iki yan tərəfində təsvir olunan ov səhnəsində at belində, əlində ox tutmuş ovçu, maral, keçi və digər heyvanlar əks olunub. Qoçun belində əski əlifba ilə yazılmış “Allah, Məhəmməd, Əli, Ağalar...” sözləri oxunur. Heykəlin hündürlüyü 48 sm, eni 26 sm, uzunluğu 82 santimetrdir. Dövrün daşişləmə sənətinin nəfis nümunəsi olan bu daş qoç heykəli çapma, yonma və oyma texnikalarından məharətlə istifadə edən sənətkar tərəfindən hazırlanıb.
Türk tayfalarında, xüsusən Qaraqoyunlu və Ağqoyunlularda qoç var-dövlətdən əlavə, həmçinin qoçaqlıq, igidlik mənasını ifadə etdiyindən, əvvəllər çox vaxt döyüşçü və sərkərdələrə, eləcə də hörmətli şəxslərə başdaşı kimi qoç formasında olan abidə qoyulurdu. Yəqin elə buna görə də arxeoloji qazıntılar zamanı bəzi qəbirlərdən həmin şəxsə məxsus silahlar tapılıb.