ELM VƏ TƏHSİL
Tarix Muzeyində müsabiqə-sərgi: Könlüm keçir Qarabağdan
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr olunan “Könlüm keçir Qarabağdan” I respublika rəsm müsabiqə-sərgisi açılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedadını üzə çıxarmaq və ictimaiyyətə təqdim etməkdir. Sərgidə gənc rəssamların Vətən müharibəsini əks etdirən 80-ə yaxın əsəri nümayiş olunur. 8-17 yaş arasında uşaqların rəsmlərində Vətən müharibəsi, Azərbaycanın tərənnümü, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, milli birliyimiz təsvir olunub.
Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı Vətən müharibəsindəki qələbədən danışıb: “Vətənimizin Qarabağ Zəfərini gənclərin gözü ilə görmək və vətənə məhəbbət duyğularını onların yaradıcılığında hiss etmək çox sevindirici haldır. Uşaqlar bizim gələcəyimizdir. Onlar da 44 gün ərzində Azərbaycan Ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına şahid olublar. Vətənə, milli tariximizə bağlılıq onların hər birinin əl işlərində təcəssüm olunub. Bu müsabiqə onların yaradıcılıq potensialının üzə çıxarılmasında böyük rol oynayacaq”.
Münsiflər heyətinin nümayəndələri gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib, Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayıb. Müsabiqə iştirakçıları 8-12 və 13-17 yaş qrupuna bölünərək 3 nominasiyada qalib elan olunublar. İştirakçılara sertifikatlar təqdim olunub. Qaliblər muzeyin kataloqları və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, sərgi dekabr ayının sonuna qədər davam edəcək.