ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid Rauf Süleymanova məxsus əşyalar qorunur
Bakı, 6 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Rauf Süleymanova məxsus əşyalar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Vətən müharibəsi şəhidi Rauf Süleymanovun doğum günündən 35 il ötür. O, 1987-ci ildə Neftçala rayonunda anadan olub. 2007-ci ildə Bərdə rayonunda, Daxili Qoşunlarda hərbi xidmət keçib, sonra həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq xidmət edib. 2011-ci ildə Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyətini davam etdirib. 2019-cu ildə Türkiyədə atış üzrə təlim keçib və yüksək dərəcəli sertifikatla təltif olunub.
Rauf Süleymanov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın azad olunması uğrunda döyüşlərdə mərdlik və igidlik nümunəsi göstərib. Oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, Rauf Süleymanov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.