ELM VƏ TƏHSİL
Tarix Muzeyində süddanvari saxsı qab mühafizə olunur
Bakı, 12 may, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) arxeoloji kolleksiyasında qorunan materiallar arasında süddanvari saxsı qab özünəməxsus yer tutur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qab əldə nisbətən səliqəsiz və asimmetrik formalaşdırılıb. Xarici səthi və ağzının daxili səthi tünd qırmızı boya ilə rənglənib. Ağzının bir hissəsi nov şəklində irəli uzanıb. Gövdənin çiyin hissəsi ilə ağız kənarını birləşdirən qövsvari qulpa malikdir. Süddanın hündürlüyü 9 santimetr, ağzının diametri 7 santimetr, gövdəsinin diametri 7,5 santimetr, oturacağının diametri isə 3,5 santimetrdir.
Həmin qabın arxeoloji kolleksiyada oxşar nümunələri mövcuddur. Onlar 1958-ci ildə arxeoloq Cabbar Xəlilovun rəhbərliyi ilə Şamaxı rayonunun Dərə Xınıslı kəndi yaxınlığındakı Xınıslı qədim yaşayış yerində apardığı arxeoloji qazıntılar zamanı tapılıb. Artefaktlara və araşdırmalara əsasən məmulat eramızdan əvvəl I minilliyin son rübünə və ya eramızdan əvvəl III-I əsrlərə aid edilib. Ümumiyyətlə, süddanvari və ya ağzı novçalı qablar Azərbaycanın Yaloylutəpə, Yolocaq, Mollaisaqlı, Nüydi və digər antik dövr abidələrində də tapılıb.
Bu süddanın əşyavi mənbə kimi əhəmiyyətinə gəldikdə burada iki istiqamətdən yanaşmaq lazım gələcək. Birincisi, bu qab aid olduğu dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqda bir çox dəyərli məlumatları özündə əks etdirir. Qabların əşyavi mənbə kimi əhəmiyyətini şərtləndirən digər amil isə onların təyinatı ilə bağlıdır. Belə ki, bu qablar maye tərkibli qidaları saxlamaq və daşımaq üçün nəzərdə tutulub. Bu qablarda yalnız su deyil, həmçinin meyvə şirələri, o cümlədən şərab və bəzi ağartı məhsulları saxlanılıb. Göründüyü kimi, bu qablar bizdə aid olduqları dövrdə insanların məişəti, o cümlədən təsərrüfatı və qida rasionu haqda müəyyən təsəvvürlər formalaşdırır. Bu isə həmin qabların əşyavi mənbə kimi əhəmiyyətini bir qədər də artırır.