ELM VƏ TƏHSİL
Tarix Muzeyində tədbir: Nəsimi yaradıcılığı uşaqların dili ilə
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Nəsimi-650 uşaqların dili ilə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz ölkə rəhbərinin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırladıb, dahi şairin 650 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu söyləyib.
S.Aruz İmadəddin Nəsiminin zəngin yaradıcılığından söhbət açıb və “Nəsimi” kitabını muzeyə hədiyyə edib.
Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərovun “Azad ruhun psixologiyası”, həmin şöbənin böyük elmi işçisi, musiqişünas, musiqi terapevti Bahar Bəylərova-Ələkbərovanın “... Mən...” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Nəsimi rayonu general-leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdləri “Dinin dirəyi Şeyx Nəsiminin simasında elmimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Həmçinin tədbirdə muzeylərarası inteqrasiya proqramı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı dahi şairin yubileyinə həsr olunmuş bədii proqram təqdim ediblər.
Tədbir çərçivəsində muzeyin milli-mənəvi irsinə dair eksponatlardan ibarət kiçik guşə və Azərbaycan Milli Kitabxanasının Nəsimi irsini əks etdirən kitablardan ibarət sərgisi təqdim olunub. Həmçinin dahi şairin yaradıcılığı ilə bağlı fotoslaydlar da nümayiş olunub.