ELM VƏ TƏHSİL
Tarix Muzeyində tədbir: Nizami Gəncəvi yaradıcılığında sufizm və maarifçiliyə baxış
Bakı, 7 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi yaradıcılığında sufizm və maarifçiliyə baxış” mövzusunda onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbir muzeyin əməkdaşı Kübra Dadaşovanın aparıcılığı ilə baş tutub. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi tədbirdə giriş nitqi ilə çıxış edib.
Sonra muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Nizami Gəncəvi yaradıcılığında sufizm və maarifçiliyə baxış” mövzusunda məruzəsi dinlənilib. Ə.Fərhadov məruzəsində qeyd edib ki, Nizami sadəcə islamı təbliğ etməklə qalmamış, onu ən gözəl şəkildə, fəlsəfi, elmi, bədii şəkildə tərənnüm edib, eyni zamanda, mənsub olduğu sufizm - əxilik aləminin də təsirilə möhtəşəm fikirlər ortaya qoyub.
Sonra tədbir iştirakçıları muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin “Nizami Gəncəvinin zoolatrik təsəvvürləri və onların arxeoloji keramikada paralelləri” mövzusunda videoçarxı izləyiblər. Videoçarxda müəllif mövzuya uyğun olaraq Nizami Gəncəvi yaradıcılığında rast gəlinən zoolatrik təsəvvürlərlə 1938-1940-cı illərdə böyük şairin Vətənindən - qədim Gəncə şəhər yerindən tapılmış arxeoloji keramika üzərindəki zoomorf təsvirlər arasında müəyyən paralellər aparıb.
Sonra mövzu ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb.
Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyi “Nizami Gəncəvi İli” çərçivəsində mütəmadi tədbir və mühazirələr keçirir.