ELM VƏ TƏHSİL
Tarix Muzeyində tədbir: “Qisası qiyamətə qoymayan igid”
Bakı, 24 aprel, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində “Qisası qiyamətə qoymayan igid” mövzusunda tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova rəhbərlik etdiyi təhsil müəssisəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanları, qaziləri təbliğ etmək sahəsində silsilə tədbirlərin keçirildiyini, sərgilərin təşkil olunduğunu, şəhid ailələrinin mütəmadi ziyarət edildiyini bildirib.
Sonra şagirdlər “Xalq qəhrəmanları ilə tanınır” mövzusunda təqdimatla çıxış edib, səhnəciklər göstəriblər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun sözləri və Milli Qəhrəmanın məktubu oxunub. Həmçinin Mübariz İbrahimova həsr olunmuş bədii kompozisiya, videoçarx nümayiş olunub.
Aprel döyüşləri haqqında çıxış edən şagirdlər Vətənə sədaqət andı içiblər.
Bədii hissədən sonra çıxış edən muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov bildirib ki, şəhidlərə, Qarabağ qazilərinə aid eksponatlar ekspozisiyada nümayiş olunur. Şagirdlər bu istiqamətdə öz biliklərini artırmalı, vətənpərvər ruhda yetişdirilməlidirlər. Bu sahədə muzey və təhsil qurumları birgə fəaliyyət göstərir.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri çıxış edib, məktəbliləri vətənpərvərliyə, şəhid və qazilərimizdən nümunə götürməyə çağırıblar.
Sonda Milli Qəhrəman Mübariz İbrahimovun məzarı iştirakçılar tərəfindən ziyarət edilib.