ELM VƏ TƏHSİL
Tarix Muzeyində tibb elminin oftalmologiya sahəsinə dair nadir materiallar qorunur
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondunda ölkəmizdə tibb elminin oftalmologiya sahəsinə dair nadir materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Təqdim olunan fotoşəkildə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva əməliyyat otağında təsvir olunub.
Tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə böyük əmək sərf edib. Onun rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.
Digər təqdim olunan fotoşəkil 1940-cı ildə çəkilib. Fotoda Bakı Göz Xəstəlikləri Xəstəxanasının əməkdaşlarını görmək olar. Öndə müəssisənin direktoru M.Abbasov, onun solunda və sağında Azərbaycanda göz müalicəsinin təşəkkülündə mühüm xidmətləri olan üç qadın alim – Umnisə Musabəyova, Sona Vəlixan və Sona Axundova əyləşiblər.
Tibbə dair təqdim olunan digər materiallar isə muzeyin Etnoqrafiya fondundandır. Fondda XIX əsrə aid həkim çantası, həcəmət (qan almaq üçün istifadə edilən alət), cərrahiyyədə istifadə edilən tibbi bıçaq, əczaçılıq alətləri qorunub saxlanılır.
Ölkəmizin tibb tarixinin tədqiq olunması baxımından bu materiallar böyük əhəmiyyətə malikdir.