ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 25 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova Qazaxıstan Respublikasının Təhsil Nazirliyi, Elm Komitəsinin Dövlət Tarixi İnstitutu və “Professional tarixçilər və cəmiyyətşünaslar” İctimai Birliyinin birgə təşəbbüsü ilə keçirilmiş “Qazax dövlətinin yaranması tarixi: yeni açıqlamalar və elmi qiymətləndirmə” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, azərbaycanlı alim rus dilində təqdim etdiyi “Qazaxıstanda və Azərbaycanda aşkarlanmış numizmatik faktlar (XIII əsrin sonu – XIV əsrin sikkələri əsasında)” mövzusunda məruzəsində Elxanilər, Cuçilər, Müzəffərilər, Cəlairilər, Teymurilər dövrünün zərbxanaları, pul təsərrüfatı, ticarət əlaqələri haqqında məlumat verib.
Konfrans materialları nəşr ediləcək.