ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 17 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva Rusiya Federasiyası Tatarıstan Respublikası Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən “Rusiyada islam: tarix, mədəniyyət, iqtisadiyyat” mövzusunda XI beynəlxalq türkoloji konfransda məruzə ilə çıxış edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, F.Qəniyeva “Qloballaşmanın Qafqaz xalqlarının qida identikliyinə təsiri” adlı məruzəsində dünya xalqlarının etnik müxtəlifliyini əks etdirən maddi mədəniyyət nümunəsi, ənənəvi mədəniyyət elementi qida və onunla əlaqəli olan mərasimlər haqqında məlumat verib. Həmçinin müəllif qeyd edib ki, qloballaşma dövründə Azərbaycan xalqının qida psixologiyası və fəlsəfəsi təkmilləşib, müxtəlif dəyişikliklərə uğrasa da, öz identikliyini qoruyub saxlayıb.
Beynəlxalq konfransın materialları nəşr olunacaq.