ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşının məqaləsi beynəlxalq konfransın materialları toplusunda dərc edilib
Bakı, 3 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın Rusiyanın Tver şəhərində onlayn keçirilmiş XXI Ümumrusiya numizmatika konfransında etdiyi məruzə məqalə şəklində konfrans materialları toplusunda dərc edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Tver Dövlət Mərkəzləşmiş Muzeyi, Rusiyanın Dövlət Tarix Muzeyi, Dövlət Ermitajı və Rusiya Elmlər Akademiyasının Arxeologiya Muzeyinin təşkilatçılığı ilə Rusiyanın Tver şəhərində keçirilmiş konfransda Aygün Məmmədova “Afanasi Nikitinin yolları ilə: Ağsu çayı sahillərindəki Kaşin sikkəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzənin həmmüəllifi Moskva şəhərindəki Dövlət Tarix Muzeyinin numizmat alimi, tarix üzrə fəlsəfə doktoru Vasili Zaytsev olub.
Məqalədə ilk dəfə olaraq nadir numizmatik fakt - 2010-cu ildə arxeoloq-alim, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu rayonunun “Xaraba şəhər” adlı qədim yaşayış yerində aşkarlanan, hazırda muzeyin Numizmatika fondunda qorunan XV əsrin Kaşin mis sikkəsi (1,77 qram) barədə məlumat verilib. Müvafiq dövrün pul təsərrüfatının açıqlanmasına yardım edən bu unikal sikkənin numizmatik təyinatını tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova edib.