ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşının məruzəsi “Beynəlxalq ənənəvi türk məzar daşları” toplusuna daxil edilib
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) ekspozisiya müdiri, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın məruzəsi “Beynəlxalq ənənəvi türk məzar daşları” toplusuna daxil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Həbibə Əliyevanın “Azərbaycandakı tarixi məzar daşlarının epiqrafik kitabələri və mövcud durumu haqqında” türkcə məruzəsində tarixi Azərbaycan coğrafiyasında mövcud olan ərəb qrafikası ilə yazılmış məzar daşları haqqında geniş məlumat verilib, fotoşəkillər təqdim edilib. Məruzə İrəvan və Qarabağda da türk tayfalarının qədim tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Xatırladaq ki, “Beynəlxalq ənənəvi türk məzar daşları” toplusunda Türkiyənin Ərciyəs Universiteti, Xəzər Universiteti və Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə keçən ilin sentyabr ayında Bakıda keçirilmiş I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları Simpoziumunun materialları dərc olunub.