ELM VƏ TƏHSİL


Tarix Muzeyinin incilərindən: gümüş fibula-sancağı

Tarix Muzeyinin incilərindən: gümüş fibula-sancağı

Bakı, 30 noyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında zəngin yerli metal bəzəklər arasında özünəməxsusluğu ilə fərqlənən nadir nümunələr də yer alır. Həmin nümunələrdən biri muzeyin Xüsusi fondunda qorunan, 2017-ci ildə Şamaxı ərazisində aşkar edilmiş gümüş fibula-sancaqdır.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Arxeoloji tədqiqatlar Azərbaycan ərazisində müxtəlif formalı fibulaların Tunc dövründən erkən orta əsrlərədək uzun bir dövrdə geniş yayıldığını təsdiq edir. Lakin təqdim etdiyimiz fibula-sancaq özünün orijinallığı və təkrarolunmaz quruluşu ilə fərqlənir.

Bəzi tədqiqatçıların fikrincə, fibula-sancaqlar Roma imperiyası ilə mədəni-ticarət əlaqələri nəticəsində ölkəyə gətirilib. Lakin geyimlərdə düymə əvəzi müxtəlif formalı bu sancaqların işlədilməsi, Mingəçevir və Şamaxıda aşkar edilmiş gümüş fibulaların Mərkəzi Avropanın və Şimali Qaradəniz sahillərinin əksər antik şəhərlərində tapılan fibula-sancaqlardan xarici görünüşünə görə tam fərqli olması, onların gətirilmə deyil, yerli sənətkarlar tərəfindən hazırlandığını təsdiq edir.

Dünyaya övlad gətirməkdə olan ananın təsvir olunduğu fibula dimdiklərində insan başı tutmuş üç quş bədəni formasında hazırlanıb. Mərkəzdə olan quşun bədəni qadının boyun və sinəsinə uyğun gəlir. Həm bədii, həm də texniki baxımdan böyük ustalıq və zövqlə hazırlanmış bu fibulada qadının simasındakı zahiri sakitliyini ifadə etdirsə də, dizlərə sıxılmış əlləri doğuş gərginliyini büruzə verir.

Antropozoomorf formalı gümüş fibula-sancağın hündürlüyü 7 santımetr, eni 4 santımetr, çəkisi 40,39 qramdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.