ELM VƏ TƏHSİL
Tarix bizim üçün dərs olmalıdır
Bakı, 12 oktyabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada XVIII Türk Tarixi Konqresi keçirilib.
Konqresdə iştirak edən tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova AZƏRTAC-a bildirilib ki, tədbirdə Səlcuq, Osmanlı tarixi və mədəniyyəti, türk dünyası və Türkiyə Cümhuriyyəti tarixləri, din və məzhəblər tarixi, Roma və Bizans tarixi və mədəniyyəti, hərb tarixi, milli-azadlıq hərəkatları, türk–erməni münasibətləri, tarixşünaslıq, tarixi coğrafiya, şəhərlər və memarlıq, miqrasiya, türk dili və ədəbiyyatı tarixi, iqtisadiyyat, hüquq və diplomatiya, sənətkarlıq, arxeologiya və s. mövzularda türk və ingilis dillərində məruzələr dinlənilib. Tədbirdə dövlət arxivləri tərəfindən təqdim olunan sənədlər əsasında “Ermənilər tərəfindən həyata keçirilən qətliamlar”, həmçinin 75 xəritədən ibarət “Xəritələrlə tarixə səyahət” və “Əngəlsiz tarix” sərgiləri nümayiş etdirilib. N.Əhmədovanın sözlərinə görə, dünyanın müxtəlif universitetlərinin qatıldığı Türk Tarix Konqresində 1000-ə yaxın tarixçi bir araya gəlib.
Bu konqres ilk dəfə 1932-ci ildə Mustafa Kamal Atatürk tərəfindən qurultay formasında keçirilib. Həmin vaxtdan bəri dörd ildən bir tarixçilərin bu qurultayı keçirilir. Türk tarixinin zaman-zaman saxtalaşdırılması belə bir qurultay keçirmək zərurətini yaradıb.
Ulu öndər Heydər Əliyevin “Tarix bizim üçün dərs olmalıdır” fikrini xatırladan Naibə Əhmədova deyir ki, gənc nəslə “tarix” şüurunu, “tarix” yaddaşını aşılamaq üçün bu qəbildən akademik tədbirlərin keçirilməsi vacibdir. Çünki tarixi sevdirmək, yaddaşlara köçürmək üçün yalnız kitablar kifayət etmir, həmçinin film, kino, təqdimat, müxtəlif layihələr bu işə xidmət edə bilər.