REGİONLAR
Tarix-diyarşünaslıq muzeyi ağcabədililərin və rayonun qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır
Ağcabədi, 31 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Ağcabədi rayonunun ərazisi arxeoloji və memarlıq abidələri, kurqanlarla zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyində mühafizə və təbliğ edilir.
Tarix Diyarşünaslıq Muzeyinin bələdçisi Səlminaz Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1980-ci ildən fəaliyyət göstərən muzeyi Mədəniyyət Nazirliyinin sifarişi ilə əsaslı surətdə yenidən qurularaq 2017-ci il noyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
İkimərtəbəli binanın birinci mərtəbəsi fond otaqları, dəftərxana, 60 yerlik konfrans zalı və digər inzibati otaqlardan ibarətdir. İkinci mərtəbədə isə ekspozisiya zalları yerləşir. Ekspozisiya zallarında “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü” və “Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var.
Hazırda muzeydə xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət ənənəsini əks etdirən 4814 eksponat nümayiş etdirilir. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından muzeyin müstəsna əhəmiyyəti var.
S.Rəhimova qeyd edib ki, arxeoloji tədqiqatlar zamanı rayon ərazisindən tapılan maddi mədəniyyət nümunələri və sakinlərin təhvil verdikləri əşyalar hesabına muzeyin ekspozisiyası getdikcə zənginləşir. Təkcə bu il muzeyə əsasən saxsı qablar, daş alətlər, bəzək əşyaları olmaqla 32 eksponat təhvil verilib.
Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, ali və orta ixtisas məktəblərinin tələbələrinin, ərazidəki hərbi hissənin əsgər və zabitlərinin, eləcə də Ağcabədinin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Cari ilin əvvəlindən ayrı-arı idarə və müəssisələrin kollektivləri də olmaqla, muzeyi 12 min nəfər ziyarət edib.
Muzeydə yaradılan “Təbiət”, “Arxeologiya" bölmələri, rayon sakinlərinin həyat tərzini, məşğuliyyətini və məişətini əks etdirən eksponatlar, qədim dövrdə istifadə olunan məişət əşyaları və əmək alətləri ziyarətçilərin böyük marağına səbəb olur. Ziyarətçilər muzeydə “Quşlar cənnəti – Ağgöl Milli Parkı” adlı sənədli filmini də maraqla izləyirlər.
Muzeydə həmçinin mütəmadi olaraq müxtəlif sosial və yaş təbəqələri, məktəblilər üçün tədbirlər və mühazirələr təşkil olunur.