ELM VƏ TƏHSİL
Tarix-diyarşünaslıq muzeylərinin məktəblərdə fəaliyyəti ilə bağlı seminar təşkil olunub
Bakı, 1 fevral, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə il ərzində keçirilməsi nəzərdə tutulan seminarlar silsiləsinin ilk onlayn tədbiri olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Seminar Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunub.
Tədbir tarix-diyarşünaslıq muzeylərinin direktorlarının, Qarabağ məktəblərinin direktor və müəllim heyətinin iştirakı ilə Vətən müharibəsi mövzusunda şagirdlərlə aparılan işlərə həsr edilib.
Seminara qonaq qismində Üzeyir Hacıbəyli adına Şuşa ev-muzeyinin direktoru Nəsibə Eyvazova və Hərb Tarixi Muzeyinin şöbə müdiri Gülşən Hüseynova da qatılıblar.
Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri Nərgiz Əliyeva çıxış edərək seminar iştirakçılarını əməkdaşlığa çağırıb və onlara uğurlar arzulayıb.
Şöbənin elmi işçisi Ləman Musayeva “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi, Vətən müharibəsi fondu, Qarabağla bağlı muzeyin nəşr etdirdiyi kitablar, məqalələr, tarix-diyarşünaslıq muzeyləri haqqında məlumat verib.
Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov fondun yaranma tarixindən, fəaliyyətindən bəhs edib.
Mingəçevir Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev, Füzuli şəhər 1 nömrəli tam orta məktəbin direktoru Rafiq Səfərov, Beyləqan, Bərdə, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Xaçmaz, Daşkəsən və Quba tarix-diyarşünaslıq muzeylərinin direktorları Vətən müharibəsi mövzusunda muzey-məktəb əlaqələri haqqında danışıblar.
Vətən müharibəsi şəhidi Rəvan Əliyevin anası Mehriban Yusifqızı çalışdığı muzeydə görülən işlər haqqında məlumat verib.