ELM VƏ TƏHSİL


Tarix-mədəniyyət qoruqlarının memarlıq xüsusiyyətləri tədqiq edilir

Bakı, 27 may, AZƏRTAC

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda müvafiq sahənin tarixi, nəzəri və metodoloji problemləri tədqiq edilir, milli sənətin dünya xalqlarının mədəniyyətləri ilə əlaqələri araşdırılır.

İnstitutun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva AZƏRTAC-a bildirib ki, Azərbaycanın memarlıq irsinin tədqiq olunmamış abidələri bölgələr üzrə araşdırılır, yeni aşkar olunmuş abidələr siyahıya alınır və tədqiqatların nəticələri toplular şəklində nəşr edilir. Hazırda şöbənin əməkdaşları “Azərbaycanın ölkə əhəmiyyətli abidələri” kitabı üzərində işləyir. Bununla yanaşı, memarlıq abidələrinin elektron bazası hazırlanır.

Rahibə Əliyeva, həmçinin Azərbaycanın tarix-mədəniyyət qoruqlarının memarlıq xüsusiyyətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanın mədəni irsinin tədqiqi, bərpası və qorunması ölkə rəhbərliyinin daim diqqətindədir. Dövlətimizin başçısının mədəni irsin qorunması ilə bağlı imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Tarix və mədəniyyət abidələrimizin qorunması qanun və normativ hüquqi aktlarla tənzimlənir. Habelə dövlətimiz mədəni irs sahəsində bir sıra konvensiyalara qoşulub.

2001-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş abidələrin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılıb, yeni aşkar olunmuş abidələr siyahıya alınıb. Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli qərarı ilə “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi” təsdiq olunub.

Hazırda respublika ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb və 27 dövlət tarix–mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu qeydə alınıb.

Müsahibimiz indi qoruq olan məkanların vaxtilə tarix-memarlıq simasının formalaşmasında həmin ərazinin coğrafi mövqeyinin, iqliminin, yerli inşaat materiallarının, müxtəlif hadisələrin, o cümlədən müharibənin təsirini diqqətə çatdırıb. Qeyd edib ki, Abşeron yarımadasının əlverişli relyefi Bakı ətrafında sıx məskunlaşma sistemi yaradıb. Otuz doqquz tarixi kəndi özündə cəmləyən yarımadanın yaşayış məskənləri fərdi şəhərsalma xüsusiyyətinə malikdir. Onlar müxtəlif dövrlərdə formalaşıb və inkişaf edib. Ərazi daim müharibələrin, siyasi dəyişikliklərin yaratdığı sarsıntılara məruz qalıb, bütün bunlar öz izini memarlıqda qoyub. Şirvanşahlar sülaləsinin (XI-XV) müdafiə istehkamları və sarayları, Səfəvilərin (XVI-XVII), Bakı xanlarının (XVIII) dini, mülki tikililəri, kapitalizm dövrünün (XIX-XX əsrin əvvəlləri) malikanələri, mühəndis qurğuları, neft “bum”u ilə əlaqədar geniş vüsət almış dini tikililər bu tarixə şahidlik edir. Həmin tikililər Abşeronun yaşayış məntəqələrinin inkişafına kömək edib və şəhərsalma strukturunu formalaşdırıb. Bu memarlıq tipləri landşaftın, iqlim amillərinin və yerli tikinti materialı olan ağ əhəngdaşının təsiri altında həndəsi formalı fiqurları ilə kəndlərin siluetini yaradıb. Abşeronun zəngin coğrafi mövqeyi onun yaşayış məskəni kimi daim diqqət mərkəzində olması ilə nəticələnib. Yarımadanın təbii sərvətləri və tarixi irsi əsrlərdən bəri Avropa və Asiya səyyahlarını özünə cəlb edib.

Yarımadanın qədim yaşayış məskənlərinin tarixi bizim eradan əvvəlki dövrə gedib çıxır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş kurqanlar, ocaq izləri və qəbirlər bunu bir daha sübut edir. Günümüzə gəlib çatmış abidələr əsasən İslam memarlığı nümunələridir. Onların sırasında müdafiə qalaları, dini, xatirə və mülki tikililər özünəməxsus yer tutur.

Dosent Rahibə Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq, Qobustan Milli Tarix-Bədii qoruqlarının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin xatırladıb ki, Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş, dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustanda 1067 sayda dünya əhəmiyyətli mədəniyyət abidəsi, İçərişəhərdə 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli memarlıq abidəsi, Qalada 7 ölkə, 234 yerli, Nardaranda 1 dünya, 5 ölkə, 7 yerli əhəmiyyətli abidə, “Atəşgah” qoruğunda 1 dünya əhəmiyyətli memarlıq abidəsi qeydə alınıb.

Abşeronun qoruq yaşayış məskənlərində dövrümüzə gəlib çatmış, şəhərsalma quruluşunda mərkəzi mövqe tutan Şirvanşahlar memarlıq irsi nümunələri, məsələn, Nardaran və Qala kəndlərinin donjonlu müdafiə qalaları, İçərişəhərin Qız qalası ətraf tikililərə xüsusi kalorit bəxş edib və şəhərsalma amilinə çevrilib. İçərişəhərdə Şirvanşahlar saray kompleksi, Nardaranda Şirvanşahların yay iqamətgahı ictimai funksiyalarını itirdikdən sonra ticarət mərkəzlərinin inkişafı sürətlənib. İçərişəhərdə lentvarı, tarixi Minarə (Asəf Zeynallı küçəsində), Nardaranın Qara Qarayev, Qalanın Sülh küçələri boyunca formalaşan ictimai-ticarət mərkəzləri karvansara, məscid, hamam, bazar, ticarət dükanları, eləcə də yaşayış tikililərini özündə cəmləyib.

Dini tikililər İslam memarlığında xüsusi səhifə olmaqla, şəhərsalmada istiqamətverici dominantlara çevrilməklə ətrafdakı yaşayış, mülki, xatirə, mühəndis qurğuları üzərində aparıcı mövqeyə malik olub. “Atəşgah” məbədi, qoruqların “Cümə” və məhəllə məscidləri yüzilliklər ərzində formalaşaraq əsas ideoloji mərkəzə çevrilib. İçərişəhərdə ilkin dini tikili - Məhəmməd məscidindən (1078-1079–cu il) XX əsrin əvvəllərində inşa olunmuş “Bəylər” məscidinədək keçən dövrdə, eləcə də Nardaranın “Ağa”, “Cümə”, Qalanın “Şıxlar”, “Balaverdi” məscidləri müxtəlif plan quruluşu, həcm-fəza tutumu ilə təkamül prosesi keçib. Qoruqların ərazisində orta əsrlərə aid Qum və XIX-XX əsrin əvvəllərində inşa olunmuş yeni tipli hamamlar, yalnız Abşerona məxsus dublalı evlər, İçərişəhərdə XIX əsrdə Avropa üslubu və milli memarlıq ənənələri əsasında inşa olunmuş yaşayış tikililəri ərazinin memarlıq simasını tamamlayıb. XIX-XX əsrin əvvəllərində neftdən əldə olunan gəlir, ticarətin inkişafı Abşeron kəndlərində yeni memarlıq üslublarından istifadəyə, dekorun zənginləşməsinə yol açıb.

Rahibə Əliyeva vurğulayıb ki, Abşeronun tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi, öyrənilməsi, əhəmiyyətinin geniş kütlələrə çatdırılması onların mühafizəsini və turizm məqsədləri üçün istifadə olunmasını təmin etməklə yanaşı, tariximizin, milli mədəniyyətimizin qədimliyinin sübutudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.