ELM VƏ TƏHSİL


“Tarix: şəxsiyyətlər və proseslər” müsabiqəsinin açılış mərasimi

“Tarix: şəxsiyyətlər və proseslər” müsabiqəsinin açılış mərasimi

Bakı, 3 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix: şəxsiyyətlər və proseslər” adlı məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin açılış mərasimi keçirilib.

RUGİM-dən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd şəxsiyyətin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərin ictimai fəallığının formalaşdırılması, tədqiqat və yaradıcılıq qabiliyyətlərinin inkişafını təkmilləşdirməklə, onları təhsilə cəlb edərək şəxsiyyətin intellektual və yaradıcı potensialının inkişafının stimullaşdırılması, ədəbi diyarşünaslığın fəaliyyət istiqamətlərinin tədqiqindən ibarətdir.

Tədbirin rəsmi açılışından öncə beynəlxalq müsabiqələr laureatı Özcan Cabbari (skripka, müşayiətçi Svetlana Əhmədova), Selcan Cabbari (kontrabas, müşayiətçi Svetlana Əhmədova), Jasmin Dadaşova (fortepiano) canlı ifa ilə çıxış ediblər. Daha sonra Mərkəzi Pionerlər Sarayının arxiv plakatlarından ibarət sərginin nümayişi olub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək Heydər Əliyevin ölkəmizdə apardığı islahatlardan danışıblar. RUGİM-in direktoru Firuzə Sultanzadə çıxışında tədbir iştirakçılarına təşəkkürünü bildirərək, müsabiqənin istedadlı məktəbliləri aşkarlamaqda, onları həvəsləndirməkdə, tədqiqat və yaradıcılıq fəaliyyətinin ictimaiyyətə tanınmasını təmin etməkdə mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin rəsmi qonaqlarından olan Heydər Əliyev Mərkəzi Heydər Əliyev Muzeyinin mütəxəssisi Nailə Həsənovanın təqdimatında Ümummilli Lider Heydər Əliyev haqqında film nümayiş olub.

Tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat verilib. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusu ətrafında məktəblilər arasında sual-cavab təşkil olunub.

Qonaqlar əsaslı təmir və bərpadan sonra yenidən istifadəyə verilən Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə tanış olublar və müxtəlif beynəlxalq dərəcəli müsabiqələrin qalibləri, çempionları olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən qarşılanıblar.

Tədbirin plenar sessiyalarında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” mövzusunda çıxış edib. Həmçinin tarixçi, "Bakının sirləri" televiziya layihəsinin müəllifi və teleaparıcı Fuad Axundovun “Tarixi şəxsiyyət və proseslərin öyrənilməsində tədqiqatçıların rolu” mövzusunda interaktiv master-klass keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.