ELM VƏ TƏHSİL
“Tarix yazan Vətən oğulları” adlı onlayn tədbir keçirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə onlayn tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Şəhidlərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində keçirilən “Tarix yazan Vətən oğulları” adlı onlayn tədbir Azərbaycan Ordusunun şanlı qələbəsinə və bu qələbəni öz canları bahasına qazanmış şəhidlərin əziz xatirəsinə həsr edilib.
Tədbirin keçirilməsində məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və geniş ictimaiyyətə tanıtdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, həmçinin əsgər və qazilərimizin döyüş xatirələri əsasında parlaq qələbənin necə əldə olunduğunu əks etdirməkdən ibarətdir.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva şəhidlərimizin əziz xatirəsinin yad edilməsinin, onların şagirdlər və gələcəkdə müəllim adını qazanacaq tələbələr arasında tanıdılmasının önəmini vurğulayıb. Tariximizin şanlı səhifəsi olan qələbə barədə danışan idarə müdiri bu günlərin şahidi kimi hər zaman qürurla danışacağımızı qeyd edib, gələcək nəslə Vətən sevgisinin və dəyərlərimizin təbliğ edilməsinin zəruriliyinə diqqət çəkib. M.Vəliyeva bildirib ki, onlayn tədbirlər ailə-məktəb əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
ADPU-nun prorektorları Fikrət Rzayev və Eldar Aslanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, telejurnalist Telli Pənahqızı, Xalq artisti Azad Şükürov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Kəmalə Abdullayeva, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər, şəhid ailələrinin üzvləri və digər qonaqlar Azərbaycanın Ordusunun şücaəti barədə çıxışlar edib, Vətən uğrunda canından keçmiş şəhidlərin həyat yolu barədə məlumat veriblər.
Tədbirdə məktəblilər ordumuzun şanlı qələbəsi və şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndiriblər.
Sonda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş videoçarx nümayiş olunub.