MƏDƏNİYYƏT
Tarix yazan qəhrəmanlar
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 109 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın metodika-biblioqrafiya şöbəsinin müdiri R.Mustafayeva ölkəmizin ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərimiz haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür.
Sistem inzibatçısı S.Yusifli, kitabxananın əməkdaşı Ş.Nəcəfova, məktəbin müəllimi E.Məmmədova çıxış edərək bildiriblər ki, zaman–zaman əsrlərin sınağına tab gətirmiş Azərbaycan xalqı bu dəfə də sınaqdan mərdi-mərdanə çıxıb: “Bu gün şəhid balasını öz çiynində son mənzilə yola salan Azərbaycan anası, şəhid balasından yadigar qalan üçrəngli bayrağı başı üzərinə alıb, həsrət qaldığımız o torpaqlara yürüyür”.
Sonda məktəbin şagirdləri şəhidlər haqqında şeirlər səsləndiriblər.