İQTİSADİYYAT
Tarixçi: İqtisadi böhranlara baxmayaraq, Azərbaycan yenə də öz yüksəlişini qoruya bildi
Bakı, 24 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Müasir Azərbaycanın inkişaf modelinin əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Olduqca çətin sınaqlardan keçən Azərbaycanın inkişafında həmin dövrdən sonra kəskin dönüş nöqtəsi yarandı. Bu inkişaf yolunun bu günə qədər uğurla davam etdirilməsi, Azərbaycan dövlətinin iqtisadi modelinin inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı sakini, tarixçi Saleh Quliyev deyib.
“Azərbaycan elə bir coğrafi mövqedə, regionda yerləşib ki, daim digər dövlətlərin maraq dairəsindədir. Bu baxımdan respublikanı çətin vəziyyətdən çıxarmaq, inkişafını təmin etmək heç də asan deyildi. Bunu Azərbaycan Prezidenti öz uzaqgörən siyasəti ilə bacardı. Təsəvvür edin ki, 2006-2007-ci illərdən bəri dünyada baş verən iqtisadi böhranın böyük vüsət aldığı, dünya nəhənglərinin tənəzzül yaşadığı bir dövrdə Azərbaycan yenə də öz iqtisadi yüksəlişini qoruya bildi. Bu, aparılan iqtisadi islahatların bariz nümunəsidir və onun da əsas müəllifi Prezident İlham Əliyevdir”, - deyə tarixçi qeyd edib.
Saleh Quliyev vurğulayıb ki, 1994-cü ildən ölkəmiz özünün neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas məqsədi respublikanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdir. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna rol oynadı, ölkəmizdə digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. Beləliklə, Prezident İlham Əliyev bu faktordan çox böyük ustalıqla istifadə edərək, ölkəmizin bugünkü inkişafını və tərəqqisini təmin edə bildi. Bu gün Azərbaycan regionda enerji sahəsində söz sahibidir. Heç bir enerji platforması və ya dəhlizi Azərbaycanın razılığı olmadan reallaşdırıla bilməz. Nəinki region, eləcə də dünyada nüfuz sahibi olan dövlətlər də Azərbaycanla hesablaşırlar.
Tarixçi qeyd edib ki, bu gün Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Bu, Prezident İlham Əliyevin yaratdığı müasir Azərbaycanın inkişaf modeli nəticəsində mümkün olub.