ELM VƏ TƏHSİL


Tarixçi alim Azad Rzayev: Cümhuriyyət tarixini daha dərindən öyrənməliyik

Tarixçi alim Azad Rzayev: Cümhuriyyət tarixini daha dərindən öyrənməliyik

Bakı, 25 may, AZƏRTAC

Yüz beş il bundan öncə müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Onu yaradanlar çox görkəmli, geniş dünyagörüşlü ziyalılar idi. Cümhuriyyət çox çətin bir dövrdə qurulmuşdu. O zaman Birinci Dünya müharibəsi davam edirdi. Rusiya, Almaniya, İngiltərə və digər bəzi ölkələr Bakı neftinə sahib olmağa cəhd edirdilər. Lakin buna baxmayaraq Cümhuriyyət demokratik prinsiplərə uyğun uğurlu addımlar atırdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev söyləyib. A.Rzayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizə qızıl hərflərlə yazılıb. Lakin 1991-ci ilədək Cümhuriyyətin adı dərsliklərə, kitablara daxil edilməyib. Keçmiş sovet dövründə Moskva çalışırdı ki, Azərbaycan öz tarixini unutsun. 1920-ci il aprelin 28–də Bakını işğal edən 11-ci Qırmızı ordunu xilaskar ordu kimi göstərirdilər. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə Cümhuriyyət tarixi araşdırılmağa başlandı. Azərbaycanda, Rusiyada, Türkiyədə, İngiltərədə arxivlərdə olan müəyyən sənədləri, materialları araşdırmaq imkanı yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə apardığı siyasət müəyyən qədər öyrənildi.

Cümhuriyyət dövründə Milli Ordu yaradılıb, Azərbaycan dilində məktəblər açılıb, ilk dəfə Azərbaycan tarixinin yazılmasına başlanılıb, İstiqlal muzeyi təşkil edilib. Digər sahələrlə yanaşı, təhsil sahəsində də çox iş görülüb, Bakı Dövlət Universiteti yaradılıb.

1920-ci ildə 11-ci Qırmızı ordu Bakıya daxil olandan sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Lakin həmin dövrdə yaradılmış Bakı Dövlət Universiteti yaşadı və fəaliyyətini davam etdirə bildi.

2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Biz dahi rəhbər, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunu Heydər Əliyev BDU-ya xüsusi diqqət və qayğı göstərib.

“Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçilik tariximizdə mühüm yer tutur. Cümhuriyyətin dövlətçilik tariximizdə çox böyük və əvəzsiz rolu olub. Ona görə də biz Cümhuriyyət tarixini daha da dərindən tədqiq edib və öyrənməliyik”, – deyə tarixçi alim qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.