ELM VƏ TƏHSİL


Tarixçi alim: Azərbaycanda “Şuşa İli” elan olunmasının böyük siyasi və tarixi əhəmiyyəti var

Bakı, 12 yanvar, AZƏRTAC

Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, tariximizə yazılan böyük Zəfərimizlə xalqımız daim sonsuz qürur duyacaq. Bu Zəfər xalqımızın Vətənə olan böyük sevgisini bütün dünyaya nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova söyləyib. Alim bildirib ki, işğaldan azad olunan torpaqlarımızda bu gün böyük bərpa və quruculuq tədbirləri həyata keçirilir.

Şuşa tarixi inkişaf yolu keçib, Azərbaycanın ictimai-siyasi həyatında daim müstəsna rol oynayıb, xalqımıza böyük şəxsiyyətlər bəxş edib.

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdü.

Strateji mövqeyi ilə seçilən və hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan Şuşa 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilmişdi. İşğal dövründə şəhərdəki tarixi və mədəniyyət abidələri düşmən tərəfindən dağıdılmışdı.

Dövlətimizin başçısının rəhbərliyi ilə Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanıldı. Bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi bu sahədə kompleks işlərin tərkib hissəsidir.

“Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən sonra 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması böyük siyasi və tarixi əhəmiyyətə malikdir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkilindən sonra 2022-ci ildə “Şuşa İli” ilə bağlı burada keçiriləcək tədbirlər, forumlar, konfranslar erməni yalanlarını dünya ictimaiyyəti qarşısında ifşa edəcək, 270 il öncə inşa edilən Şuşa qalasını özünəməxsus şəhər mədəniyyəti, füsunkar təbiəti və coğrafiyası və bəşər mədəniyyətinə verdiyi töhfələrlə bir daha bütün dünyada tanıdacaq. Şuşada təşkil olunacaq festivallar, konsertlər, müsabiqələr, sərgilər, poeziya gecələri, yubileylərdə qədim mədəniyyətimiz və incəsənətimiz bütün palitrası ilə təqdim olunacaq və Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək”, - deyə dosent Kəmalə Nəcəfova bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.