Tarixçi alim: Ermənistan işğalçı siyasətində dezinformasiyadan istifadə edir

Bakı, 23 iyul, AZƏRTAC
Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladığı gündən etibarən həm də dezinformasiyadan geniş istifadə edib.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşova söyləyib. O deyib: “Atəşkəsə qədər olan dövrdə Ermənistan dezinformasiya müharibəsini bir sıra formalarda həyata keçirirdi. Birincisi, Dağlıq Qarabağ regionunun guya tarixən ona mənsub olması, bu ərazidə yaşayan ermənilərin Azərbaycan hökuməti tərəfindən təhlükədə olması barədə dünyanı təkidlə inandırmağa çalışırdı. İkincisi, Azərbaycan ərazisindəki münaqişədə iştirak etməməsi barədə yanlış məlumatlar verən Ermənistan dünya ictimaiyyətini aldadır, öz təcavüzkarlıq siyasətini gizlətmək üçün qondarma Dağlıq Qarabağ hakimiyyətindən istifadə edir, Dağlıq Qarabağın müstəqil dövlət kimi Azərbaycanla danışıqlar keçirmək təşəbbüsünü irəli sürürdü. Üçüncüsü, Ermənistan dünyanın nüfuzlu ölkələrində olan erməni diasporu və lobbisi vasitəsilə dünya dövlətlərinin siyasətinə təsir göstərirdi. Dördüncüsü, Ermənistan blokadada olması barədə dünya birliyinə yalan məlumatlar verir, aldığı humanitar yardımı sosial və iqtisadi problemlərə deyil, Azərbaycana qarşı işğalçılıq siyasətinin həyata keçirilməsinə sərf edirdi və etməkdədir. Digər tərəfdən, Ermənistan Azərbaycanda olan məcburi köçkün və qaçqınların sayı barədə dünya birliyində yalan məlumatlar yayırdı. Beşincisi, Dağlıq Qarabağın erməni əhalisinin sosial-iqtisadi, mədəni cəhətdən təmin olunmaması barədə böhtan xəbərlər yayan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın iqtisadiyyatı ilə inteqrasiya etməsi ideyasını irəli sürürdü. Altıncısı, Ermənistan Azərbaycanda etnik azlıqlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi barədə BMT-nin Baş katibinə yalan məlumatlar verməklə, dünya birliyində yanlış fikir yaratmağa cəhd edirdi. Yeddincisi, Ermənistan təcavüzkar dövlət kimi ittiham olunmasından yayınmaq məqsədilə Azərbaycanın xarici ölkələrdən silah və hərbi sursat alması və münaqişəni qızışdırması barədə BMT-yə məlumatlar verirdi. Səkkizincisi, Ermənistan Türkiyəni problemə müdaxilə etməkdə günahlandırmaqla, öz təcavüzkarlıq siyasətini pərdələyir, Türkiyənin Azərbaycanı müdafiə etməsi müqabilində, Ermənistanın Dağlıq Qarabağ regionu ermənilərini müdafiə etməsinə haqq qazandırır, Türkiyə Respublikasının Ermənistanın humanitar yardım almasına mane olduğunu bildirir və bunun qarşısını almaq üçün BMT-nin xüsusi nümayəndəsinin bu regiona göndərilməsini xahiş edirdi. Ən əsası isə Ermənistan Azərbaycan ərazilərini işğal edərkən Azərbaycan dilini bilən ermənilər ayrı-ayrı rayonlara, kəndlərə gedərək əhali arasında qorxu yaradırdılar, guya artıq bütün ərazilərin alındığını, indi isə onların ərazilərinə hücum edəcəklərini hay-küylə bildirirdilər. Ermənistan Dağlıq Qarabağ regionunu Azərbaycanın hərbi-siyasi qurbanı kimi qələmə verərək, orada yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız diplomatik vasitələrdən istifadə etdiyini bildirsə də, ümummilli lider Heydər Əliyevin gərgin diplomatik fəaliyyəti nəticəsində Azərbaycana qarşı informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ probleminə dair həqiqətləri dünya birliyinə çatdırmaq mümkün olub.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozdu, Azərbaycanın dövlət sərhədində yerləşən Tovuz rayonunu artilleriya qurğularından atəşə tutdular. Azərbaycan Ordusunun şücaəti nəticəsində düşmənə layiqli zərbə endirilərək geri oturduldu. Qeyd edim ki, bu dəfə də təcavüzkar Ermənistan dezinformasiyadan yararlanmağa çalışır və bunu başqa istiqamətdə edir. Birincisi, Ermənistan əvvəllər olduğu kimi, yerli əhali arasında qorxu yaratmağa çalışır. Belə bir dezinformasiya yayırlar ki, guya ermənilər postlarımızı ələ keçirib, Tovuz sakinləri öz yurdlarını tərk edirlər. Halbuki Tovuzun qəhrəman sakinləri heç vaxt öz torpaqlarını tərk etməzlər. Tovuz neçə-neçə ölümsüz qəhrəmanlar yetişdirib. İkincisi, guya Azərbaycan Ordusunun ağır texnikasının, tanklarının vurulması, ciddi itkilərə məruz qalması haqqında dezinformasiya yayırlar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin də bildirdiyi kimi, “düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”, “...Azərbaycan hərbi qüvvələrinin texnikası ön xətdə deyil. Azərbaycan tankları düşmən bölmələrinin vura biləcəyi nöqtədə deyil”. Üçüncüsü, yüksək döyüş əzmində olan ordumuzun arxasında dayanan xalqımız arasında müxtəlif şayiələrlə təxribat yaratmağa cəhd edirlər.
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində dünyanın güclü ordularından birinə çevrilib. Dövlətimizin başçısı Ermənistan rəhbərlərini hər zaman tarixi faktlar qarşısında qoyub. Fevralın 15-də Prezident İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində keçirilən görüşü yada salmaq istəyirəm. Paşinyan öz çıxışı ilə nə qədər cılız görünürdü?! Tarixi bilərəkdən, bilməyərəkdən təhrif etməsi, ingilis dilində demək olar ki, danışa bilməməsi onu nə qədər gülünc vəziyyətə saldı?! Hər kəsə məlumdur. İndi güclü Azərbaycan Ordusu əzmlə irəliləmək iqtidarındadır. Əhalinin ordumuzu dəstəkləməsi, səfərbər olmaq üçün müraciətləri çox gözəl bir haldır. Azərbaycan Ordusu güclüdür və səfərbərliyə ehtiyac yoxdur. Prezident-ordu-xalq birliyi göz qabağındadır. Sözsüz ki, bəzi xoşagəlməz qruplar vəziyyətdən sui-istifadə edərək sosial şəbəkələrdə yersiz paylaşımlar edirlər. Biz ayıq-sayıq olmalıyıq, təxribatlara yol açılmasına imkan verməməliyik. Şəhidlərimizin qanı qarışmış müqəddəs torpaqlarımız azad edilməsini gözləyir. Bunun üçün bir yumruq kimi olmalıyıq. Heç bir şayiəyə, təxribata uymamalı, sosial şəbəkələrdə paylaşımlar edərkən çox ehtiyatlı olmalıyıq. Heç bir əsası olmayan təxribat xarakterli məlumatlar yayılmamalıdır. Ermənilər Azərbaycan seqmentində yayılan bəzi şərhləri skrin edərək paylaşırlar. Biz isə ordumuza ruh yüksəkliyi verən, erməniləri qorxuya salan paylaşımlar etməliyik. Dövlətimizin, Ali Baş Komandan İlham Əliyevin çağırışına biz alimlər də canla-başla əməl etməliyik!", - deyə Ramilə Dadaşova vurğulayıb.