SİYASƏT
Tarixçi alim: Mənfur qüvvələrə imkan verməməliyik ki, öz məkrli planlarını həyata keçirsinlər
Bakı, 12 iyul, AZƏRTAC
Gəncə Azərbaycan tarixində mühüm rolu və yeri olan şəhərdir. Gəncəlilər həmişə Azərbaycan dövlətinin və Prezidentinin yanında olublar. Polisə qarşı müqavimət, xüsusilə də mənfur xarici qüvvələrin əli ilə hazırlanmış hər hansı hadisə xəyanətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Gəncədə baş verən iğtişaşa münasibət bildirərkən söyləyib.
Tarixçi alim deyib ki, ölkəmizdə güclü xalq-iqtidar birliyi var. Biz dövlətimizin başçısına daha çox dəstək olmalıyıq, dövlət-xalq birliyinin sarsılmazlığına töhfə verməliyik. Birliyə, dövlətçiliyə, milli təhlükəsizliyimizə, xüsusilə də ölkədə aparılan daxili və xarici siyasətə dəstək olmağımız son dərəcə vacibdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın rifahı, gələcəyi naminə var qüvvələri ilə çalışırlar. Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasəti hər zaman dəstəkləməli, dövlətimizin və dövlətçiliyimizin yanında olmalıyıq. 1991-ci ildən bu günədək müstəqillik tariximizə nəzər salanda görürük ki, dövlət müstəqilliyimiz asan yolla qorunub saxlanılmayıb. Bu baxımdan, bəzi mənfur xarici və daxili qüvvələrə imkan verməməliyik ki, öz məkrli planlarını həyata keçirsinlər, qarşıdurma yaratsınlar.