MƏDƏNİYYƏT
Tarixi Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününün 100 illiyinə həsr olunmuş “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin YAP “Azərbaycan tarixçiləri” və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı milli qurtuluş hərəkatının Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyətini qeyd edib. O, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının Azərbaycanı xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdiyini, müstəqil dövlətimizin taleyində dönüş anı olduğunu bildirib. Nailə Vəlixanlı çıxışında ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin quruculuğundakı fəaliyyətindən, Milli Ordumuzun ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mücadiləsindən bəhs edib.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Tarix Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə və başqaları çıxış edərək 1990-cı illərin əvvəllərində respublikamızda baş verən ictimai-siyasi proseslərdən, Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar.
Tədbir gənclərin ifasında musiqi nömrələri və milli rəqslərdən ibarət bədii hissə ilə davam edib.
Sonra muzeydə mədəni və ictimai tədbirlərin təşkil olunması və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fəal iştirak edən şəxslər muzey adından “təşəkkürnamə” ilə təltif olunub.