ELM VƏ TƏHSİL
Tarixi Zəfərdən Böyük Qayıdışa” adlı elmi konfrans keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda 8 Noyabr - Zəfər Günü ilə bağlı “Tarixi Zəfərdən Böyük Qayıdışa” adlı elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı açan institutun baş direktoru professor Kərim Şükürov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən söz açıb. Qeyd edib ki, noyabrın 8-i Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb.
“Vətən müharibəsi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Tarixi zəfərdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında doğma Qarabağın sürətli və hərtərəfli dirçəlməsinin şahidi olmaqdan böyük sevinc və qürur hissi keçiririk. Xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. İşğaldan azad edilən torpaqlarımızda bu gün xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, – deyə K.Şükürov vurğulayıb.