REGİONLAR
Tarixi abidələr, əsrarəngiz təbiət mənzərələri ilə tanışlıq və əyləncəli “qartopu festivalı” VİDEO
Qusar, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz rayonlarını və Mingəçevir şəhərini təmsil edən ümumtəhsil məktəblərinin şagirdləri noyabrın 19-da Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Qusara gələn məktəblilərin səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə Azərbaycan bayrağı dalğalanır. Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa edib, xatirə şəkilləri çəkdiriblər.
Şamaxı, Şəki, İsmayıllı, Qəbələ və Oğuzdan olan tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib.
Mərkəzlə tanışlıqdan sonra məktəblilər qartopu oynayıblar. Aksiya iştirakçıları “qartopu festivalı” adlandırdıqları bu əyləncəli oyundan böyük zövq alıblar.
Daha sonra şagirdlər Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinə gəlib, Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verilib.
Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət ediblər. Bildirilib ki, türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.
Ağdaş, Ağsu, Göyçay, Qobustan rayonlarını və Mingəçevir şəhərini təmsil edən şagirdlərdən ibarət qruplar isə noyabrın 19-da qədim Quba rayonunun gəzməli, görməli yerləri ilə tanış olublar.
Ekskursiya Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarətlə başlayıb. Ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Sonra tur-aksiya iştirakçıları Cümə məscidinə gəliblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, zəngin memarlıq üslubuna malik məscid 1802-ci ildə tikilib. Dini məbədin inşası müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.
Məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini də izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Xalçaçılıq müəssisəsindən sonra tur-aksiya iştirakçıları dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.
Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.
Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.