ELM VƏ TƏHSİL


Tarixi həqiqətlərin izi ilə

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bunyadov adına Şərqşünaslıq İnstitutu tanınmış tarixçi, tədqiqatçı alim Səməd Sərdariniyanın Tehranda fars dilində nəşr olunmuş “İrəvan müsəlman sakinli vilayət olmuşdur” əsərini Azərbaycan dilində (Bakı, Zərdabi LTD MMC, 2014) nəşr etdirib. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi İbrahim Quliyevin dilimizə çevirdiyi əsərin elmi redaktorları Şərqşünaslıq İnstitutunun əməkdaşları Əkrəm Rəhimli (Bije) və Səməd Bayramzadədir.

AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Sərvan Kərimov kitab haqqında qələmə aldığı “Tarixi həqiqətlərin izi ilə” yazısında əsərin əhəmiyyətini geniş təhlillərlə diqqətə çatdırır.

S.Kərimov bildirir ki, “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı xarici ölkə vətəndaşı tərəfindən yazılan və xaricdə nəşr olunan, Azərbaycan ilə bağlı tarixi həqiqətləri əks etdirən ciddi tədqiqat işlərindəndir. Əsər İranda və digər ölkələrdə qondarma “erməni soyqırımı”na dair yazılmış və azərbaycanlılara qarşı iftira və böhtanlarla dolu kitab və məqalələrin müqabilində tarixi faktları ortaya qoymaq, erməni və ona havadarlıq edən ölkələrin “siyasətçilərinin” və “ tarixçi alimlərinin” yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb. Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran – Rusiya müharibələrindən sonra (xüsusilə də Türkmənçay müqaviləsindən sonra) ermənilərin Çuxursəd vilayətinə (indiki Ermənistan Respublikasının ərazisinə) və onun mərkəzi olan İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və “məşəqqətlər görmüş millətə” hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilə qədər onlar Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyiblər. Yeri gəlmişkən, görkəmli alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinin özlərinə istinad etməyi daha məqsədəuyğun saymışdır. O, erməni yazıçısı Anahid Ter Minosyanın “XX əsrin əvvəllərində bir çox əyalətlərdə ümumiyyətlə erməni yox idi” fikrini bu gün “Böyük Ermənistan” xülyasında olanların yalan və uydurmaları qarşısında tutarlı fakt kimi səsləndirmişdir.

Vurğulanır ki, “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı İrəvanın ilkin formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənəd və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, türk-müsəlman memarlığı əsasında qurulmuş şəhərin arxitektura quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscid), karvansaraların və digər ictimai müəssisə və təşkilatların görünüşünü bərpa etməyə və bununla da onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub. Müəllifin sadaladığı toponimlər və hidronimlər də (Gərni, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz karvansaraları; MəscidZalxan, Fəhlə, Böyük, Şəhər meydanları; Gedərçay, Zəngiçay, Qırxbulaq çayları, bulaqlar və s.) onun fikrini qüvvətləndirir və tarixi həqiqətin üzə çıxmasına yardım edir.

Bundan sonra müəllif uzaq tarixi keçmişə səyahət edir, ciddi elmi mənbələr əsasında şəhərin bünövrəsinin qoyulması tarixini dəqiqləşdirməyə, onun inkişaf yolunu mərhələ-mərhələ izləməyə çalışır. Böyük alim İrəvanın əsasının hicri tarixinin başlanğıcında qoyulması və IX əsrə qədər onun kiçik bir kənd olması fikrinə birbaşa münasibət bildirməsə də, həmin tarixdən çox-çox öncə bu yerdə türk etnosunun yaşaması barədə ayrı-ayrı tarixi məlumatları oxucuların diqqətinə çatdırır. S.Sərdariniya İrəvanın bir şəhər kimi formalaşmazdan öncə həmin məkanın Dvin (yaxud Dəbil) adlandığını, müsəlman hökmdarlarının inzibati mərkəzlərindən biri sayıldığını xüsusi qeyd edir. Müəllifin araşdırmalarının dəyərini artıran cəhətlərdən biri də onun birbaşa ərəb, fars və Avropa mənbələri ilə işləyə bilməsi, dil problemi yaşamamasıdır. Həm də tarixçi alim öz kitabında fakt və sənədləri sadəcə sadalamır, müqayisə yolu ilə həqiqəti üzə çıxarmağa, dediklərini sübut etməyə çalışır.

S.Sərdariniya kitabın növbəti bölməsində “Bu gün Ermənistan Respublikası adlanan torpaq əsrlər boyu Çuxursəd adını daşımış yurdun bir hissəsidir”,- deyə yazır. Müəllif bunun ardınca “Çuxursəd” sözünün etimologiyasını izah edir və bunun “çökək” və qədim Azərbaycan tayfalarından olan “səədlu” tayfasının adından götürüldüyünü diqqətə çatdırır. Buradan isə “Çuxursəd”in sırf Azərbaycan dilinə məxsus söz birləşməsi olduğu üzə çıxır.

Kitabın “İrəvan Şah İsmayıldan Şah Abbasa qədər”, “İrəvan I Şah Abbas dövründə”, “İrəvan sonuncu Səfəvi şahları dövründə”, “İrəvan Nadir şah Əfşar dövründə”, “İrəvan Ağa Məhəmməd şah Qacar dövründə” bölmələrində İrəvanın tarixi inkişaf prosesi, inzibati –idarəçilik sistemi, şəhərin sosial-mədəni həyatı və s. tədqiq olunur. Müəllif yuxarıda adları çəkilən Azərbaycan hökmdarlarının hər birinin bu əyalətə xüsusi diqqət yetirdiklərini, onun abadlaşdırılması, inkişafı istiqamətində gördükləri tədbirləri diqqətə çatdırır.

Kitabda XIX əsrin astanasında İrəvanın iqtisadi durumu ayrıca araşdırılıb. Bu da təbii ki, gözlənilən müharibələr ərəfəsində real iqtisadi-hərbi situasiyanın sonrakı hadisələrdə təsirinin əsaslandırılması məqsədini daşımışdır. Bu bölmədə şəhər sakinlərinin sinfi nisbətləri, tacir və sənətkarların mövqeləri, onların istehsalda və ticarətdə payları dərindən tədqiq olunaraq ortaya real mənzərəni əks etdirən ciddi faktlar qoyulub. Müəllif bu bölmədə həm də diqqəti İrəvanın “İpək yolu”nun üstündə yerləşməsinə, onun Qərb ilə Şərq arasında körpü olmasına yönəldir. O, fikrini təsdiq üçün Qafqaz regionun öyrənilməsi üzrə nüfuzlu alim, Kembric Universitetinin professoru Pyotr Arviyə istinad edir. P.Arvidən gətirilən sitatda deyilir: “İrəvan Azərbaycanın iqtisadi baxımdan inkişaf etmiş şəhərləri sırasına daxil idi. Ağa Məhəmməd şah Qacar İrəvan, Xoy, Rəşt, Qəzvin kimi şəhərləri xarici ticarətin əsas dayaqları səviyyəsinə qaldırmışdı. İrəvan və Xoy şəhərləri Qara dəniz vasitəsilə Qafqaz və Osmanlıların ticarət mərkəzi sırasında idilər”.

Kitabın “İrəvan İran-Rusiya müharibələrində” adlanan növbəti fəslində İrəvan azərbaycanlılarının müharibədəki rolu və yeri tədqiq edilir. Müəllif İrəvan hakimi Məhəmməd xan Qovanlı Qacarın ruslarla razılığa gəldiyi halda şəhərin müsəlman sakinlərinin döyüşü davam etdirməsini onların ləyaqət və cəsarəti ilə bağlayır. Müəllif İrəvan müsəlmanlarının cəsarətinin hətta Peterburqda I Nikolayı da narahat etdiyini və bununla bağlı onun general Paskeviçə xüsusi məktub yazdığını qeyd edir. Tarixçi alim yazır: “Lakin müharibənin gedişində ermənilərin Qacarlar ordusuna xəyanət etməsi, onların ruslara casusluq etmələri, 1826-cı ildən isə silahlı şəkildə rusların tərəfindən vuruşmaları İrəvanın sonrakı taleyində müdhiş rol oynadı. Belə ermənilər öz xəyanətlərinin müqabilində mükafatlandırıldılar”.

S.Sərdariniya “İrəvan Türkmənçay müqaviləsindən sonra” adlı bölmədə İrəvanda müharibədən sonrakı vəziyyəti, bu müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini son dərəcə dəqiq və ciddi şəkildə araşdırıb. Müəllif 1985-ci ildə Ermənistan Respublikasında çap olunmuş “Ermənistan tarixi” adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən sonrakı ilk dövrlərin müqayisəli statistikanı təqdim edib: “..bu zaman İrəvanda 1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567 erməni ailəsi olmuşdur”.

Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim edib: “Kameralnoe opisanie” adlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfər azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanları sayı yenə azaldı. Adı çəkilən sənəddə göstərildiyi kimi mühacirət nəticəsində müsəlman əhalinin sayı 82.373 nəfər azaldı. Lakin həmin dörd il müddətində, yəni 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 82.377 nəfər artdı. Daha doğrusu, erməni əhalinin sayı 25.151 nəfərdən 82.377 nəfərə qalxdı. Bir sözlə, erməni əhalinin sayı üç dəfə artdı”.

Bu bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Bundan sonra müəllif ermənilərin İrandan və Osmanlıdan bu bölgəyə köçürülməsini təsvir edir.

S.Sərdariniya sonrakı dövrlərdə bu siyasətin daha intensiv xarakter aldığını, azərbaycanlıların fiziki və mənəvi təzyiqlərə məruz qalaraq İrəvandan sıxışdırılıb çıxarılmalarını, ermənilərin isə hərtərəfli himayə edilərək bu şəhərdə say baxımından üstünlük qazanmalarına şərait yaradıldığını tarixi sənəd və faktlarla ortaya qoyub. Onu da qeyd edək ki, nəşrdə azərbaycanlıların başına gətirilən faciələrin real təsvirlərinə də rast gəlirik. Kitabın son hissələrində İrəvanda dağıdılmış məscidlərin, azərbaycanlılara məxsus müqəddəs yerlərin nadir təsvirləri və İrəvanın tanımış ziyalılarının sonrakı taleləri də əksini tapıb.

S.Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı tarixi xəyanətkarcasına təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, “böyük Ermənistan” xülyasını ortaya ataraq azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyənlərə tutarlı cavabdır. Tarixi sənədlərə, elmi mənbələrə əsaslanan əsərin tezliklə oxucuların və mütəxəssislərin stolüstü kitabına çevriləcəyinə inanırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.