REGİONLAR


Tarixi irsimiz: “İmamzadə” türbəsi VİDEO

Gəncə, 11 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncənin qədim tarixi-memarlıq abidələrindən olan “İmamzadə” dini kompleksi bu gün yerli əhali və şəhərin qonaqları tərəfindən ən çox ziyarət edilən məkanlardan biridir.

Tarixçi Bəxtiyar Məhərrəmov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində kompleksin tarixindən danışıb. Bildirib ki, “İmamzadə” türbəsinin inşa olunması təxminən bizim eranın VIII əsrinə təsadüf edir. İslamın müqəddəs şəxsiyyətlərindən olan beşinci imam Məhəmməd Bağırın övladları həmin dövrdə İslam peyğəmbəri nəslinin nümayəndələrinə qarşı təqiblər həyata keçirən Əməvilər xilafətinin rəhbər dairələrinin əməllərindən can qurtarmaq üçün İrana və Azərbaycanın şəhərlərinə üz tutmuşlar. Bunlardan iki qardaş şahzadə İbrahim və İsmayıl Bərdəyə və Gəncəyə gəlmiş, lakin bir müddət sonra düşmənləri onları taparaq qətlə yetirmişlər. Ehtiram əlaməti olaraq, Bərdədə İsmayılın, Gəncədə isə İbrahimin məzarı üzərində türbə ucaldılıb.

Maraqlıdır ki, Nizami Gəncəvi əsərlərində qədim Gəncənin adət-ənənələrindən, milli mətbəxindən, memarlıq abidələrindən söz açsa da, “İmamzadə” türbəsi barədə ümumiyyətlə heç bir qeyd etməyib. Tarixçi Bəxtiyar Məhərrəmov deyir ki, “İmamzadə” türbəsinin tarixi nə qədər araşdırılsa da, bu sahədə müəyyən boşluqlar var. “Nizami Gəncəvi dövründə “İmamzadə” məscid kimi fəaliyyət göstərib. Ancaq Nizami dövrünün “İmamzadə” tarixi elə də dərin araşdırılmayıb. Bu türbə həm də XII-XIII əsr Gəncə memarlığının klassik simasını əks etdirir. Burada həm arxeoloji, həm də elmi tərəfdən araşdırma aparmaq vacibdir,” – deyə o bildirir.

Bəxtiyar Məhərrəmov qeyd edir ki, Nizami xüsusilə dini biliklərə malik olduğuna görə Şeyx təxəllüsü ilə çağırılırdı. Ona görə də dahi şairin “İmamzadə”dən xəbərsiz olması qeyri-mümkündür: “O dövrdə Gəncədəki 10 mədrəsədən birinin burada fəaliyyət göstərdiyi də ehtimal edilir. Həmçinin insanlar XII əsrdən bəri “İmamzadə”yə gələrək, burada müxtəlif dini ayinləri və inanclarını həyata keçiriblər. Bütün bunları nəzərə alaraq, xüsusilə “İmamzadə” türbəsinin Nizami dövrünün araşdırılmasına ehtiyac var. Bu, həm də Gəncənin qədim tarixinin dərindən öyrənilməsinə və Nizami yaradıcılığında yeni faktların üzə çıxarılmasına imkan verəcək”.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə “İmamzadə”də təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah idi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı il fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.