ELM VƏ TƏHSİL


Tarixi torpaqlarımıza qayıtmağın strateji yol xəritəsi

Tarixi torpaqlarımıza qayıtmağın strateji yol xəritəsi

Bakı, 30 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüş və bu görüşdə etdiyi çıxış tarixi, siyasi, hüquqi, mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, görüş faktının özünün və keçirildiyi binanın dərin rəmzi mənası var: “Məlum olduğu kimi, indiyədək həmin binada təcavüzkar Ermənistanın hərbi işğalı nəticəsində Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin təşkilatları yerləşirdi. 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edildikdən və təcavüzkar ölkəyə sarsıdıcı zərbə vurulduqdan sonra Qarabağdan olanlar artıq məcburi köçkün deyillər və onlar yenidən tikilmiş yaşayış yerlərinə, şəhərlərə, qəsəbələrə, ağıllı kəndlərə planlı şəkildə qayıdırlar. Deməli, bu binada fəaliyyət göstərən Qərbi Azərbaycan icması da bir zamanlar öz tarixi torpaqlarımıza qayıdacaq. Dünya ölkələrinin rəsmi dairələri və ictimaiyyəti bilavasitə dövlət başçımızın dilindən indi Ermənistan adlandırılan Qərbi Azərbaycanda etnomədəni ərazilərimiz barədə tarixi gerçəkləri bir daha eşitdi. Dövlət rəhbəri Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olması, 1918-ci ildə İrəvanın paytaxt olaraq güzəştə gedilməsi və sovet hakimiyyəti illərində isə Zəngəzurun Ermənistana verilməsinə dair tarixi həqiqətləri söylədi. Aydındır ki, anti-Azərbaycan fəaliyyət təkcə ərazilərin verilməsi ilə dayanmayıb. Azərbaycanlılara qarşı törədilən zorakılıq, soyqırımı və deportasiya dövlət siyasətinə çevrilib. Həm 1918-1920-ci, həm də 1920-1991-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı müxtəlif vəhşiliklər törədilib, onlar sıxışdırılıb, zorla deportasiya edilib, yaşı minillikləri ötən tarix və mədəniyyət abidələrimiz dağıdılıb, toponimlərimiz erməni adı ilə əvəzlənib”.

M.Qasımlı bildirib ki, Ermənistanın azərbaycansızlaşdırılması, türksüzləşdirilməsi və erməniləşdirilməsində növbəti mərhələni İkinci Dünya müharibəsindən sonrakı illər təşkil edir: “Azərbaycanlılar 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarları ilə öz tarixi torpaqlarından planlı şəkildə, köçürülənlərin konkret sayları göstərilməklə Azərbaycanda iqlim şərtləri fərqli olan, ilan mələyən çöllərdə yerləşdiriliblər. Onların Ermənistanda malı-mülkü qalıb, bir çoxu isə gəldikləri yerlərdə vaxtından əvvəl həyatlarını itirib. Deportasiya edilən azərbaycanlıların evlərinə xarici ölkələrdən ermənilər gətirilərək yerləşdiriliblər. Gətirilən ermənilərin sayına dair rəsmi hökumət sənədləri vardır. Ermənilər yerləşdirildikdən sonra yaşayış yerlərinin adlarının dəyişdirilərək erməniləşdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. Yürüdülən siyasət nəticəsində Ermənistan türksüzləşdirilib, azərbaycansızlaşdırılıb, erməniləşdirilib. Sonuncu azərbaycanlı 1988-1991-ci illərdə Ermənistandan vəhşicəsinə qovulub. Ermənistanda yürüdülən bu siyasətin məqsədi ərazinin etnomədəni mənsubiyyətini itirməkdən ibarət olub. Nəticədə bu gün Ermənistanda - İrəvanda mənşəyi saxtlaşdırılaraq fars məscidi kimi saxlanılan Göy Məscid istisna olmaqla - azərbaycanlılara məxsus heç bir tarixi, mədəni abidə, qəbiristanlıq yoxdur.

“Nəhayət, Prezident İlham Əliyev çıxışında Qərbi Azərbaycan İcmasının strateji yol xəritəsini müəyyənləşdirdi. Bu, azərbaycanlıların dinc yolla öz torpaqlarına qayıtmalarına nail olmaqdan ibarətdir. Çıxışda qarşıdakı dövrdə görüləcək işlər də konkret olaraq müəyyənləşdirildi. Bunların arasında kitabların yazılması, beynəlxalq elmi konfransların keçirilməsi və sair vardır.

Dövlət başçısı hədəfləri konkret olaraq müəyyənləşdirdi. İndi əsas iş müvafiq qurumların, elm idarələrinin, alimlərin, medianın və qeyri-hökumət təşkilatlarının üzərinə düşür”, - deyə professor fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.