Tarixi yaddaşımızdan silinməyən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində bununla əlaqədar tədbir təşkil olunub.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Tarixi Yaddaşımızdan Silinməyən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda çıxış edilib, soyqırımı hadisələrini əks etdirən videokadrlar nümayiş olunub.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrası tələbələrinin ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı ilə davam edib.
Qeyd edək ki, mart qırğını zamanı Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Kürdəmirdə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə on minlərlə dinc adam vəhşicəsinə qətlə yetirilib, yaşayış məskənləri, şəhər, kənd və qəsəbələr dağıdılaraq viran qoyulub. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.







Xəbərin mətnində orfoqrafik səhv var