ELM VƏ TƏHSİL


Tariximizə işiq salan dəyərli mənbə

Akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb

Bakı, 6 may, AZƏRTAC

Tariximizi, o cümlədən müxtəlif sahələri araşdırmaq, təhlil etmək, nailiyyətlərimizi gələcək nəsillərə çatdırmaq elm adamlarının ümdə vəzifələri sırasında dayanır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılmasının vacibliyini bir neçə dəfə vurğulamışdır. 1997-ci il yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri və müxbir üzvləri ilə görüşündə Ulu Öndərimiz bu barədə demişdir: “Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təklifim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam. Mən bir-iki dəfə demişəm ki, Azərbaycanın XX əsr tarixi yazılmalıdır”.

2001-ci il dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə Ümummilli Liderimiz diqqəti bir daha bu məsələyə cəlb etmiş və bildirmişdir: “...Biz indi nə qədər çətinliklərlə, məhrumiyyətlərlə rastlaşsaq da, özümüzü xoşbəxt hesab etməliyik. Xalqımızı xoşbəxt hesab etməliyik ki, biz artıq on ildir müstəqil dövlət kimi yaşayırıq. Artıq bunu dəyişmək, bunu sarsıtmaq mümkün deyildir. Ona görə də bizim bu on illik tariximiz yazılmalıdır. Çünki zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Tariximizin bu səhifəsi, bu on illik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür”.

AZƏRTAC xəbər verir ki, akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi ulu öndər Heydər Əliyevin tövsiyələrinin, nəsihətlərinin elm adamları, yaradıcı şəxslər tərəfindən layiqincə yerinə yetirildiyini göstərir. Müəllifin uzun illik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir.

Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən ulu öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb.

Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer almışdır. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb.

Kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə - müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilib. Birinci cilddə ilk müstəqil respublikamız olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli iqtisadiyyatımızın əsas istiqamətlərindən, İkinci Dünya müharibəsinə qədərki dövrdə xalq təsərrüfatının inkişafında əsas meyillərdən bəhs olunur. Bu cildlə tanışlıq göstərir ki, İkinci Dünya müharibəsinə qədər sənayenin dinamikasındakı mənfi meyillərin aradan qaldırılması, sənayeləşmə siyasətinin formalaşması, respublika iqtisadiyyatının planlaşdırılmasında beşillik planlardan istifadə, kənd təsərrüfatında iri təsərrüfatların yaradılması və istehsalın artırılması istiqamətində araşdırmalar kifayət qədər əhatəli olmaqla, dərin hesablamalara və təhlillərə söykənir. Həmçinin bu cilddə Azərbaycanın iqtisadiyyatının və resurslarının, o cümlədən Bakı neftinin faşizm üzərindəki qələbədə oynadığı rol bütün məziyyətləri ilə oxuculara çatdırılır.

Bu cildin digər fəsillərində akademik Ziyad Səmədzadə XX əsrin 50-60-cı illərində Azərbaycanın xalq təsərrüfatının inkişaf səviyyəsi və sürəti barədə müqayisəli təhlil və qiymətləndirmələr, statistik müqayisələri diqqətə çatdırır. Müəllif Azərbaycan sənayesinin XX əsrin ikinci yarısında inkişafı barədə də söz açaraq, onu müəyyən edən sahələr üzrə iqtisadi təhlillər aparır.

Kitabın ikinci cildində XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Müəllif qeyd edir ki, həmin dövrdə Azərbaycan İttifaqın tərkibində özünün inkişaf yollarını müstəqil təyin etmək üçün kifayət qədər hüquqlara malik deyildi. Elmi araşdırmalar onu da sübut edir ki, respublikamızda əldə edilən inkişaf öz sürəti və miqyasına görə əksər respublikalarda olduğundan xeyli az idi. Bu barədə çoxcildlikdə kifayət qədər konkret faktlar verilib. Lakin 1969-cu ilin yayında respublikaya enerjili və məqsədə doğru addımlayan lider Heydər Əliyevin gəlişi ilə bu istiqamətdə çox şeylər dəyişdi, respublikanın sürətli inkişafını təmin etmək məqsədilə yeni, qeyri-standart ideyalar həyata keçirildi. Belə ki, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə perspektiv inkişaf proqramları hazırlandı və reallaşdırıldı. Nəticədə 1970-1985-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişaf və səmərəlilik göstəriciləri, onun yüksək dinamizmi orta İttifaq göstəricilərini xeyli üstələdi. Respublika iqtisadiyyatının bu dövrdə sürətli sıçrayışı Azərbaycan xalqının həyatında parlaq, keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirildi. Bu dövr miqyaslı quruculuq illəri idi. Yığılmış problemlərin həlli zamanı idi, Azərbaycanın gələcək inkişafı üçün güclü zəmin yaradılması zamanı idi. Azərbaycan sosial-iqtisadi inkişafın sürətinə görə Sovetlər İttifaqında birinci yerə yüksəlmişdi. Sənayedə mütərəqqi struktur dəyişiklikləri, texniki tərəqqini təmin edən sahələr üstün sürətlə inkişaf etdirilmiş, məhsuldar qüvvələrin yerləşdirilməsində əhəmiyyətli dəyişikliklər baş vermiş, Azərbaycan İttifaqda dotasiyasız yaşayan bir respublikaya çevrilmişdi.

Kitabın III və IV cildlərdə müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Oxucu SSRİ-nin dağılması ərəfəsində və ölkəmizin ilk müstəqillik illərində iqtisadi vəziyyətin nə dərəcədə ağır olması barədə kifayət qədər məlumatlar, sənədlərlə tanış olur.

Bu cildlərdə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993-2003-cü illərdə respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər - (neft strategiyası, “Əsrin müqaviləsi”nin reallaşması, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi, özəl sektorun, sahibkarlığın, investisiya mühitinin formalaşması, regional iqtisadiyyat, hüquqi-iqtisadi qanunvericilik bazasının yaradılması, maliyyə-büdcə, pul-kredit, sənaye siyasəti, aqrar islahatlar və s.) davamlı iqtisadi-sosial inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs olunur.

Nəşrin IV cildində bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər - istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.

Bütün qeyd olunanların fonunda kitab müasir dünyamızın ən parlaq liderləri olan müasir Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portretlərini yaradır. Müəllif onların əzəmətli obrazını ölkəmizin tarixi nailiyyətlərinin təhlilini verməklə təqdim edir.

Qeyd edək ki, bu kitab 2020-ci ildə tam hazır olmalı idi. Lakin IV cild tamamlanarkən ölkəmizin həyatında möhtəşəm tarixi hadisə baş verdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuz 44 gün ərzində erməni faşizmi üzərində şanlı Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi.

Bu Zəfər xalqımızı sonsuz sevincə, hədsiz məmnunluğa qovuşdurdu. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının parlaq gələcəyinə nur saçan bu Qələbə - bu tarixi hadisə təbii və obyektiv olaraq “Azərbaycan iqtisadiyyatı 100 ildə” kitabının V cildinin də yazılması üçün bir vəsilə oldu.

Beləliklə, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstindən nəzərdən keçirilir. 16 fəsildən ibarət beşinci cilddə Qarabağın qədim Azərbaycan torpağı olması, Şuşa şəhərinin salınması və inkişafı, XIX əsrin birinci yarısından ermənilərin Qarabağa köçürülməsi, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin törədilməsi, Qarabağın sovet dövrü, Ermənistan SSR-nin Azərbaycana qarşı əsassız torpaq iddialarının iflasa uğradılması, ulu öndər Heydər Əliyevin Şuşanın mədəni və iqtisadi dirçəlişi ilə bağlı fəaliyyəti və hələ SSRİ dövründə böyük müdrikliklə xalqımıza qarşı məkrli planların qarşısını alması, M. Qorbaçovun “Yenidənqurma” siyasətinin ermənilərin Azərbaycan xalqına qarşı növbəti ittihamlarına yol açması kimi tarixi məsələlərə geniş yer ayrılıb. Habelə müstəqillik illərində torpaqlarımızın azad edilməsi ilə bağlı aparılan sülh danışıqları, bununla bağlı Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi uğurları, Ermənistanın bütün siyasi platformalarda diplomatik küncə sıxışdırılması, Vətən müharibəsində qazanılmış şanlı Zəfərimiz əsas diqqət yetirilən məsələlərdir.

Bu cilddə nəzər salınan digər aktual məsələlər Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin nəticəsi kimi Azərbaycanın güclənməsi və xalqımızın tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, Prezident İlham Əliyevin informasiya müharibəsində də qalib gəlməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu cilddə diqqət yetirilən əsas mövzulardır. Müəllif işğaldan azad olunan ərazilərimizin son 100 ildə iqtisadi və demoqrafik inkişafı məsələləri, onların potensialının Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfələri ön plana çəkib.

“Azərbaycan xalqı son 200 illik tariximizdə enişlərdən, yoxuşlardan keçmişdir. Bu dövrün mənzərəsi göstərir ki, ayrı-ayrı mərhələlərdə haqsızlığa, ədalətsizliyə məruz qalsa da, bizim xalqımızı əzmək, öz yolundan döndərmək mümkün deyil.

Mübarizələrlə dolu bu tarixin möhtəşəm nəticəsi kimi Azərbaycan 31 il əvvəl müstəqilliyini bərpa etmişdir. 2020-ci ilin Vətən müharibəsi isə xalqımızın tarixi mübarizələrini qələbə ilə başa çatmasının növbəti təcəssümüdür. 44 günlük müharibə mahiyyət etibarilə 200 illik gedilən yolun zəfərlə başa çatan məntiqi sonluğudur. Bu müharibə Azərbaycanın XX əsrdə, müxtəlif şəraitlərdə yaşadığı dövrün parlaq səhifəsidir. Biz bu qələbəyə nail olmaq üçün həm inkişaf yolu keçdik, həm də itkilər verdik.

Qarşıda isə xalqımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü gözləyir. İnanıram ki, yuxarıda toxunulan məsələləri özündə ehtiva edən “Azərbaycan iqtisadiyyatı 100 ildə” kitabının beşinci cildi oxucular tərəfindən maraqla qarşılanacaq”, - deyə akademik Ziyad Səmədzadə bildirir.

Bütövlükdə, kitabla tanışlıq göstərir ki, müəllif ilk səhifədən sona qədər üzərinə nə qədər böyük vəzifə götürdüyünün fərqindədir. Çünki bu kitab Azərbaycanın nə az nə çox, düz 100 illik tarixi inkişaf yolunun iqtisadi tərəfinə işıq salır. Müəllif çalışıb ki, oxucu son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında maksimum həcmli və obyektiv informasiya alsın, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meyilləri və amilləri qiymətləndirmək imkanı əldə etsin.

Dəyərli elm adamı, iqtisadçı kimi Ziyad Səmədzadənin təqdim etdiyi, nəzərdən keçirdiyi 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək. Bu kitab, eyni zamanda, Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfədir. Çünki beşcildlikdə bütün bunlarla bağlı zəngin materiallar var. Bu baxımdan kitab müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi də qiymətləndirilə bilər.

“Hesab edirəm ki, təqdim etdiyim, nəzərdən keçirilən 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa və bəzi ağ ləkələri silməyə imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının bu inkişaf mərhələsində keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək”, - deyə akademik Ziyad Səmədzadə bildirir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zəngin¬liyi, aktual¬lığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.

Qeyd edək ki, hazırda beşcildliyin ingilis və rus dillərində nəşri ilə bağlı işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.