SİYASƏT
“Tariximizi yaxşı bilmək nə üçün lazımdır?” mövzusunda seminar keçirilmişdir
Bakı, 17 mart (AZƏRTAC, Əziz Məmmədov). Martın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Tariximizi yaxşı bilmək nə üçün lazımdır?” mövzusunda seminar keçirilmişdir.
Humanitar Araşdırmalar İctimai Birliyi tərəfindən keçirilən bu seminar Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən ““Azərbaycan tarixi-Azərbaycan gəncliyi” tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələri və ali məktəb tələbələri iştirak etmişlər.
Maarifçilik yönümlü bu tədbirin əsas məqsədi gənc nəsli Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi ilə tanış etməkdən ibarətdir.
İctimai Birliyin sədri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi və digər çıxışçılar ermənilər tərəfindən ilkin mənbələrin saxtalaşdırılması fonunda Azərbaycan gənclərinin tarixi faktları daha dərin bilməsinin vacibliyini qeyd etmişlər.