QAN YADDAŞI
“Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub
Tərtər, 14 yanvar, AZƏRTAC
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Tariximizin qara səhifəsi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələ isə şəhər 2 nömrəli məktəb-liseydə keçirilib. Müsabiqədə 42 ümumtəhsil məktəbindən 42 şagird iştirak edib. Şagirdlər əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.
Şagirdlərin təqdim etdiyi yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra müsabiqənin qalibləri Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunacaq.