CƏMİYYƏT
Tarixin bütün dövrlərində Azərbaycan qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, karantin rejimi qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibətilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.
Respublika Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova qadınları bayram münasibətilə təbrik edərək, tarixin bütün dövrlərində Azərbaycan qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdıqlarını, xalqımızın, dövlətimizin inkişafı üçün hər cür zəhmətə qatlaşdıqlarını bildirib.
Görüşdə, həmçinin qeyd olunub ki, Böyük Vətən müharibəsi iştirakçısı olan xanımlara bayram münasibətilə təbrik məktubu ünvanlanıb.
Xoş ovqatda keçən tədbirdə Respublika Veteranlar Təşkilatının qadın əməkdaşlarına gül dəstələri təqdim edilib.