SİYASƏT
Taro Kono: Qafqazda sabitlik təkcə region deyil, bütün dünya üçün vacibdir
Tbilisi, 4 sentyabr, AZƏRTAC
Qafqaz regionu Asiya, Avropa və Yaxın Şərq üçün qapıdır. Bölgədə sabitlik təkcə Gürcüstan və bu region üçün deyil, bütün dünya üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Yaponiyanın Xarici İşlər Naziri Taro Kono gürcü həmkarı David Zalkaliani ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.
Yaponiya xarici siyasət idarəsinin rəhbəri beynəlxalq ictimaiyyəti Qafqaz regionu ilə əməkdaşlığı genişləndirməyə çağırıb və hökumətinin bununla bağlı hazırladığı “Qafqaz təşəbbüsü” proqramı barədə danışıb.
Bildirib ki, Yaponiya Qafqaz regionunun inkişafı məqsədilə əməkdaşlığı daha da dərinləşdirmək istəyir. Yaponiya hökumətinin təklif etdiyi “Qafqaz təşəbbüsü” layihəsi əsas iki istiqamətdən ibarətdir. “Birincisi hissədə dövlət quruculuğuna yardım məqsədilə insan resurslarının inkişafı, ikincisində isə Qafqazın iqtisadi cəhətdən daha cəlbedici olmasına yardımın göstərilməsi nəzərdə tutulub. İkinci istiqamətə infrastrukturun inkişafı və biznes mühitinin yaxşılaşdırılması daxildir”,- deyə Taro Kono vurğulayıb.
David Zalkaliani ölkəsinin Yaponiya hökumətinin təqdim etdiyi “Qafqaz təşəbbüsü”nü dəstəklədiyini bildirib.
Yaponiya XİN başçısının səfəri çərçivəsində Gürcüstanın Maliyyə Nazirliyi ilə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən agentlik Şərq-Qərb avtomagistralının Gürcüstanın İmereti bölgəsindən keçən 15-ci kilometrliyinin Şorapani-Arqveti hissəsinin tikintisinə 343 milyon dollar məbləğində kredit ayıracaq.
Qeyd edək ki, bu avtomagistralın təmirinin birinci fazası üçün Yaponiya hökuməti 2008-ci ildə 200 milyon dollar məbləğində kredit ayırmışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi