DÜNYA
Taro Kono: Yaponiya Türkiyənin güclü iqtisadiyyata malik olmasında maraqlıdır
Tokio, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Yaponiyanın xarici işlər naziri Taro Kono ilə Türkiyənin xarici işlər idarəsinin rəhbəri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, T.Kono Türkiyə ilə ABŞ arasında baş verən son hadisələrə diqqəti cəlb edib. Bildirib ki, Yaponiya Türkiyənin güclü iqtisadiyyata malik olmasında maraqlıdır və onun iqtisadi sabitliyinə çalışır.
Taro Kono həm Türkiyənin, həm də ABŞ-ın Yaponiya ilə sıx dostluq əlaqələrinə malik olduğunu vurğulayaraq, vəziyyətin tezliklə sabitləşəcəyinə ümid etdiyini bildirib. Qeyd edib ki, Yaponiya bu məqsədlə hər iki tərəflə əməkdaşlığa hazırdır.
Göstərilən diqqətə görə Yaponiya tərəfinə minnətdarlığını bildirən M.Çavuşoğlu gərginliyin aradan qaldırılması məqsədilə tərəflər arasında dialoqun davam etdirildiyini deyib. M.Çavuşoğlu Türkiyə ilə Yaponiya arasında iqtisadi sahədə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüş zamanı nazirlər qarşılıqlı dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio