REGİONLAR
Tatar mətbəxinin incisi sayılan çak-çak şirniyyatı necə hazırlanır? FOTO VİDEO
Quba, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
Çak-çak şirniyyatı tatar mətbəxinin incilərindən sayılır. Azərbaycanda isə bu ləziz təamı “ABAD”çı Sevinc Məmmədova istehsal edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sevinc Məmmədova Rusiyanın Orenburq şəhərində anadan olub. Orada məktəbi bitirəndən sonra Azərbaycana köçüb və ali təhsil alıb.
“Həyat yoldaşım Vitaliy Trofimenko Sumqayıtda anadan olsa da, məktəbi Ukraynada oxuyub. İki övladımız var. Beş il əvvəl həyat yoldaşıma pay olaraq çak-çak verdilər. Bu tatar şirniyyatını çox bəyəndik və mağazalarımızda axtarmağa başladıq. Amma tapmadıq. Çak-çakı özüm bişirmək qərarına gəldim. Dadlı alındı. Ondan sonra hər dəfə qonaq gələndə bişirib süfrəyə qoyurdum. Hamı bəyənirdi. Daha sonra çak-çakın istehsalı barədə düşünməyə başladıq”, - deyə Sevinc Məmmədova söyləyib.
Çak-çak istehsalında un, yumurta, bal kimi təbii inqrediyentlərdən istifadə olunur. Şirniyyatın hazırlanması üçün əvvəlcə yumurta və süd qarışıqlı xəmir yoğurulur. Uzunsov formada doğranan xəmir hissələri qaynar yağda qızardılır. Bişmiş şirniyyatın üzərinə bal və şəkərdən hazırlanan şərbət əlavə olunur. Soyuduqdan sonra yemək üçün təqdim edilir. Çak-çakın küncüdlü, günəbaxan tumlu, qoz və fındıqlı çeşidləri mövcuddur.
Sevinc Məmmədova bildirir ki, kütləvi istehsala başlamaq istəsələr də, bunun üçün kifayət qədər vəsaitləri olmayıb. Amma ABAD-ın dəstəyi ailə biznesinin inkişafına yol açıb.
“Məhsulumuzu “ABAD”a təqdim etdik. Bizə əməkdaşlıq təklif olundu. Bizim üçün istehsal sahəsi ayrıldı, lazımi alət və avadanlıqlarla təmin olunduq. Keyfiyyət sertifikatları əldə etməyə, markalı qablaşdırma dizaynını hazırlamaqda bizə dəstək oldular. Hazırda Quba “ABAD Factory” İstehsalat Kompleksində çak-çak istehsal edirik. Məhsulumuz paytaxtdakı böyük mağazalarda satışa təqdim olunur”, - deyə Sevinc Məmmədova bildirib.
Sevinc Məmmədovanın hazırladığı çak-çak şirniyyatının bir qutusu alıcılara 4 manat 30 qəpiyə təklif olunur. Şirniyyatın günəbaxan toxumu ilə hazırlanan çeşidi isə 20 qəpik bahadır.
Hazırda çak-çak şirniyyatı sifariş əsasında, tələbata uyğun istehsal edilir. Sevinc Məmmədova gələcəkdə “ABAD”ın dəstəyi ilə karamel istehsalını da həyata keçirmək istəyir.