REGİONLAR
Tatyana Krupa: Festivaldan hədsiz həzz alıram VİDEO
Göygöl, 30 iyul, AZƏRTAC
Mən Milli Yaylaq Festivalında ikinci dəfədir ki, iştirak edirəm. Burada olmaqdan hədsiz həzz alıram.
Arxeoloq, bərpaçı, tarixçi, UNESCO-nun iştirakı ilə Qarabağın tarixi-mədəni irsinin monitorinqi üzrə beynəlxalq qrupun Azərbaycan tərəfdən rəhbərlərindən biri Tatyana Krupa bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Burada çoxsaylı dostları və həmfikirləri olduğunu qeyd edən tarixçi deyib: “Biz Qarabağa getdik, Qarabağın irsi ilə tanış olduq, ermənilərin törətdiyi dağıntıları öz gözlərimizlə gördük”.
T.Krupa daha sonra deyib: “Festivalda çoxsaylı insanlarla ünsiyyətdə olduq, dost ölkələri təmsil edən həmkarlarımızla görüşdük. Azərbaycanın mədəniyyəti ilə tanış oluram, dostlarıma hədiyyə alıram”.
Ölkəmizin gözəlliklərinə heyran olduğunu bildirən Tatyana Krupa Azərbaycan xalqını Vətən müharibəsində qazandığı Qələbə münasibətilə təbrik edib. Tarixçi daha sonra deyib: “Mən Xarkovda doğulmuşam, orada böyümüşəm. 50 il Xarkovda yaşadım, sonra Qazaxıstana köçdüm. Ukraynanı dəstəkləyən Azərbaycan xalqına və Azərbaycan hökumətinə təşəkkür edirəm. Gəncə şəhəri raket atəşlərinə məruz qalanda Ukrayna xalqı da çox narahat idi. Tanrıdan sizə sülh, firavanlıq və belə gözəl festivalların çox keçirilməsini arzu edirəm. Biz yenidən buraya gəlməyə şad olarıq”.