İQTİSADİYYAT
“Tax free” sisteminin tətbiqindən sonra 59 ölkənin vətəndaşlarına 3 minə yaxın faktura verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Bu ilin iyul ayından ölkəmizdə “Tax free” sisteminin tətbiqinə başlanılıb. Onun tətbiqindən sonra 59 ölkənin
vətəndaşlarına 3 minə yaxın faktura verilib.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, Azərbaycan üçün yeni olan bu sistem ilkin olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ hava limanlarında tətbiq edilməyə başlanıb. Gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində də “Tax free” sisteminin tətbiqi nəzərdə tutulub. “Tax free” sistemi üzrə operator səlahiyyətlərini Vergilər Nazirliyi həyata keçirir, müvəkkil bank isə “Bank Silk Vey” ASC-dir.
Qeyd olunub ki, bu sistemdən faydalanmaq üçün alınan mal kommersiya və istehsal xarakterli deyil, şəxsi istehlak məqsədli olmalıdır. Xarici turistlər aldıqları malı 90 gün ərzində ölkədən aparmalıdırlar. “Tax free” bir elektron vergi-hesab üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilə bilər.
Hazırda ölkəmizdə təqdim edilən bütün mallara görə ƏDV-nin dərəcəsi 18 faizdir. “Tax free” stikerləri olan mağazalarda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar istisna olmaqla, alınan digər mallara görə ödənilən ƏDV-nin məbləği xarici vətəndaşlar ölkəni tərk edən zaman onlara geri qaytarılır. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı və bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
ƏDV-nin qaytarılması şərti ilə malların satışını həyata keçirmək üçün satıcı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət-kassa aparatına və işlək vəziyyətdə olan POS-terminala malik olmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.
Hazırda Azərbaycanda 204 mağaza bu sistemə qoşulub.